- Siyasi müzakirə
- 6 Oktyabr 22:24
- 5 314
“Qərb "Tomahawk" raketləri ilə bağlı qərarda ehtiyatlı davranır” - Abutalıb Səmədov
“Alyaskada Putin və Trump Rusiya-Ukrayna arasındakı sülh sazişinin şərtlərini əsasən razılaşdırmışdı. Ancaq sonradan Trump Zelenski ilə və Avropa liderləri ilə görüşdükdən sonra anladı ki, Zelenskinin bu şərtləri qəbul eləməsi qeyri-mümkündür və Rusiya öz mövqeyindən müəyyən qədər güzəştə getməlidir. Ondan sonra Trump Putinin əleyhinə bəyanatlar verdi, ondan narazı olduğunu söylədi, çünki Putin o razılaşdırılmış şərtlərdən güzəştə getmək istəmədi və Lavrov da açıq şəkildə dedi ki, biz Alyaska razılaşmalarına sadiqik. Rusiyanın güzəştə getməsi üçün Amerika Birləşmiş Ştatları hakimiyyəti Ukraynaya Tomahavk raketləri vermək və Rusiyanın içərilərini vurmaq imkanı yaratmaq istədilər. Bu raketlər 2 500 km məsafəyə qədər ərazini vururlar. Və elan olundu ki, belə bir fikir var. Ancaq təbiidir ki, ABŞ administrasiyası da ehtiyat edir. Çünki Rusiyanın hər şeyə qadir olduğunu, hər cür ağılsız hərəkət edə biləcəyini anlayır. Bu ağılsız hərəkətlər nədən ibarət ola bilər?”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-a xəbərdarlıq edib. Kreml rəhbəri bildirib ki, Vaşinqton Ukraynaya “Tomahavk” raketləri ötürsə, ölkəsi buna kəskin cavab verəcək. Onun sözlərinə görə, bu qərar münasibətlərdəki müsbət tendensiyaların pozulmasına səbəb olacaq.
Siyasi şərhçi bildirib ki, Qərb ölkələrinə qarşı taktiki nüvə silahından istifadə etməyə Putin təbii ki, cəsarət etməz.
“Heç buna ehtiyac da yoxdur. Ancaq Ukrayna qarşı belə bir addım ata bilər. Taktiki nüvə silahlarının tətbiqindən Qərb çox qorxur. ABŞ-da və Avropa ölkələrində də. Ona görə tərəddüd edirlər. Bu raketləri versinlərmi? Verməsinlərmi? Tərəddüd daha güclüdür. Ola bilər ki, verməsinlər. Yaxud daha az məsafəni vura biləcək raketlər versinlər. Hər halda bu cür raketlər Rusiyanın içərilərini vuran, Rusiyanın strateji obyektlərini dağıtmaq gücündə olan raketlər mütləq Ukraynaya verilməlidir ki, Rusiya daha çox zərər görsün və sülhə meyillənsin. Son günlər, son aylar Rusiya əvvəki mövqeyindən bir az çəkilib. Əvvəllər, inzibati sərhədləri ilə 5 vilayəti özünə birləşdirmək istəyirdi. İndi təmas xəttindən söhbət gedir və ərazi mübadiləsi təklif edilir. Yəni, əvvəlki istəklərindən bir az çəkilib, ancaq lazımdır ki, növbəti güzəştlərə də getsin və bunun üçün ABŞ ilk növbədə cəsarətli adımlar atmalıdır. Ukraynaya rus ərazilərini vuran, Rusiyanın strateji obyektlərini və hərbi obyektlərini ciddi zərər vuracaq raketlər verməlidir. Yalnız bu addım atılarsa, ola bilsin ki, Rusiyanı güzəştə məcbur etmək mümkün olsun. Ancaq bu da təbiidir ki, Ukrayna qarşı taktik nüvə silahının istifadə ehtimalını artıran addımdır. Qərb bunu da düşünmək məcburiyyətindədir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az