- Siyasi müzakirə
- 19:37
- 2 348
“Revanşistlərin hakimiyyətə gəlişi Ermənistanı təcridə və xaosa aparar” - Tural İsmayılov

“Ermənistanda son hadisələr göstərir ki, Paşinyan hakimiyyətinə qarşı çıxan qüvvələr – yəni revanşistlər – özlərini “xilaskar” kimi təqdim etsələr də, əslində keçmişin qaranlıq səhifələrini geri qaytarmaq istəyirlər. Bu insanlar hələ də 1990–2000-ci illərin korrupsiyalaşmış və kriminal dövlət modelinə nostalji ilə baxırlar. Onların bugünkü ritorikası “vətənpərvərlik” pərdəsi altında gizlənən köhnə hakimiyyət həsrətindən başqa bir şey deyil. Alen Simonyanın “siyasi meyitlər” ifadəsi də təsadüfi deyildi – bu, cəmiyyətin revanşistlərə olan inamsızlığının simvoludur. Revanşist düşərgə faktiki olaraq siyasi səhnədə yox, məzarlıqda yer uğrunda mübarizə aparır. Köçəryan, Sarkisyan və onların ətrafı hələ də 44 günlük müharibənin fəlakətli nəticələrini dərk etməyib. Onlar bu gün də “müharibə partiyası” kimi düşünür, Ermənistanı yeni avantüralara sürükləmək istəyirlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, Ermənistanda siyasi gərginlik növbəti mərhələyə keçib. Parlamentin sədri Alen Simonyanın keçmiş üç prezidenti “siyasi meyit” adlandırması ölkədə vəziyyəti daha da gərginləşdirib. Ekspertlər hesab edirlər ki, mövcud siyasi mənzərə nə hakimiyyət, nə də baş nazir Nikol Paşinyan üçün ümidverici deyil. Siyasi qüvvələr arasındakı qarşıdurma isə getdikcə daha kəskin xarakter alır.
Siyasi şərhçi qeyd edib ki, region artıq sülh və əməkdaşlıq mərhələsinə qədəm qoyur.
“Revanşistlərin çıxışlarında nə real proqram var, nə də gələcəyə baxış – yalnız kin, intiqam və keçmişin romantik xəyalları. Bu qüvvələr müasir Ermənistanın deyil, keçmiş imperiya komplekslərinin təmsilçiləridir. Onlar Moskvanın siyasi orbitində qalmaqla Ermənistanın suverenliyini güzəştə getməyə hazırdırlar. Ən təhlükəlisi isə odur ki, revanşistlərin hakimiyyətə gəlişi təkcə Paşinyanın devrilməsi anlamına gəlməz – bu, Ermənistanı yenidən təcridə, blokadaya və xaosa aparar. Regionun sabitliyi üçün məhz revanşistlərin aktivləşməsi əsas risk mənbəyidir. Onlar sülh müqaviləsinin imzalanmasını əngəlləyir, “Qarabağı yenidən almaq” kimi utopik şüarlarla cəmiyyəti zəhərləyirlər. Ermənistan cəmiyyəti bu radikal ritorikanı qəbul etmədikcə, ölkə heç vaxt normal inkişaf yoluna çıxmayacaq. Əgər bu siyasi qruplar hakimiyyətə qayıdarsa, Ermənistanın gələcəyi yenidən “tankların kölgəsində” formalaşacaq. Bu isə nə regiona, nə də erməni xalqına xeyir gətirər. Revanşistlər keçmişlərini “şöhrət” kimi satmaqla, əslində, Ermənistanın gələcəyini satırlar. Bu gün Ermənistana müharibə qəhrəmanları deyil, dövlət ağlı və siyasi məsuliyyət lazımdır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az