- Siyasi müzakirə
- 19:37
- 1 397
“ABŞ Ukraynanın hərtərəfli gücləndirilməsi ehtimalını irəli sürür” - Elçin Xalidbəyli

“Donald Trump müəyyən mənada məcburiyyət qarşısında açıqlamalar verir. Ağ Ev anlayır ki, Rusiya savaşı asanlıqla dayandırmayacaq və Ukraynaya zərbələr endirməkdə, Qərbi təhdid etməkdə davam edəcək. Ona görə də ABŞ sülhə nail olmaqda çətinlik çəkən və ya sülhə nail ola bilməyən vəziyyətdə alternativ variant kimi Ukraynanın hərtərəfli gücləndirilməsi ehtimalını irəli sürür. Bu, Ukraynaya daha dağıdıcı və uzaq mənzilli raketlərin verilməsi ilə bağlıdır. Təbii ki, Rusiyada bu ehtimal ciddi narahatlıq doğurur. Hətta Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, əgər ABŞ Ukraynaya “Tomahawk” raketləri versə, bu hamı üçün pis nəticələr doğuracaq. Peskovun açıqlamasına görə, Rusiya bu raketlərin həm nüvə başlıqlı, həm də adi başlıqlı olduğunu bilir və raketlər Rusiyaya doğru atılanda onları nüvə başlıqlı raket kimi qəbul edə bilərlər. Bu halda nəticələr çox təhlükəli ola bilər və potensial nüvə müharibəsi riski arta bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Donald Tramp açıqlayıb ki, ABŞ Ukraynanı “Tomahawk” raketləri ilə təmin edə bilər. O qeyd edib ki, əgər Rusiya-Ukrayna münaqişəsi həll olunmazsa, ABŞ bu raketləri Kiyevə göndərəcək. Tramp həmçinin bildirib ki, Vladimir Putinlə bu məsələni müzakirə edə bilər və Rusiyanın konflikti həll etməməsinin ciddi nəticələr doğuracağını vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, hər iki tərəf faktiki olaraq bir-birini təhdid edir.
“ABŞ və onun prezidenti Donald Trump Rusiyanın savaşdan çəkilməsini istəyir, lakin Kremlin mövqeyi hələlik dəyişməyib; Rusiya qərb üçün kapitulyasiya xarakteri daşıyan şərtlər yerinə yetirilmədikcə savaşın dayandırılmasına razılıq vermir. Bu vəziyyət göstərir ki, hər iki tərəf əlində olan son imkanları və bütün potensialı sınamaq niyyətindədir. Donald Trump bir tərəfdən Rusiyayla siyasi-diplomatik təmaslar üçün qapını açıq saxlasa da, digər tərəfdən Rusiyanın sülhə razılaşmayacağı təqdirdə ən radikal qərarları qəbul edə biləcəyini də sezdirir. Bu da onu göstərir ki, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət ən təhlükəli istiqamətlərə doğru inkişaf edə bilər və hər iki tərəf arasında qarşılıqlı təhdidlər davam edir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az