“Gürcüstan-Aİ gərginliyinin əsas məsuliyyəti Tbilisinin üzərindədir” - Əli Mustafayev

“Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin korlanmasının müəyyən dərəcədə Avropa İttifaqına aidiyyəti olsa da, əsas məsuliyyət Gürcüstanın öz üzərinə düşür. Gürcüstanın son vaxtlar tutduğu daxili və xarici siyasət kursu Avropa İttifaqının maraqlarına uyğun gəlmir. Ümumilikdə belə bir təsəvvür yaranıb ki, Gürcüstandakı hakimiyyət daha çox Rusiya yönümlüdür. Rusiya təsiri ilə formalaşdığı iddia edilən bu hökumət, xüsusilə milyarder Bidzina İvanişvili ilə əlaqələndirilir. Avropa İttifaqı əvvəllər Gürcüstana mühüm imkanlar tanımış, ölkəni üzvlüyə namizəd statusuna gətirmiş, gürcü vətəndaşları üçün 55 günlük vizasız rejim tətbiq etmişdi. Lakin sonradan hökumətin xüsusilə “xarici agentlər haqqında” qanun layihəsi kimi addımları Avropa İttifaqında Gürcüstanın əslində Rusiya yönümlü siyasət yeritdiyi təəssüratını gücləndirib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri son vaxtlar müzakirə mövzusuna çevrilib. Xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Gürcüstanın cəzalandırılması Brüsselin deyil, başqalarının maraqlarına xidmət edər. Onun sözlərinə görə, münasibətlər birtərəfli deyil və Aİ-nin də Gürcüstana ehtiyacı var.

Siyasi şərhçi bildirib ki, bunun nəticəsində Gürcüstanın Avropa İttifaqı ilə münasibətləri tədricən gərginləşib.

“Bu gərginlik parlament və prezident seçkiləri zamanı daha da artdı və bələdiyyə seçkilərindən sonra münasibətlər bir qədər də zədələndi. Gürcüstan rəsmiləri Avropa inteqrasiyasını seçdiklərini bəyan etsələr də, Avropa tərəfi bu bəyanatlara inanmır və hesab edir ki, mövcud hakimiyyət Rusiya ilə əməkdaşlıq içindədir. Avropa İttifaqı bir tərəfdən Gürcüstan hakimiyyətini cəzalandırmağa, digər tərəfdən isə gürcü xalqını bu siyasətin mənfi nəticələrindən qorumağa çalışır. Lakin bu balansı saxlamaq olduqca çətindir. Xüsusilə “xarici agentlər” haqqında qanun Qərb təşkilatlarının Gürcüstana maliyyə yardımı və donorluq fəaliyyətini məhdudlaşdırır. Bütün bunlar Gürcüstan-Avropa münasibətlərində müəyyən müddət gərginliyin davam edəcəyini göstərir. Bunun Azərbaycan və Ermənistanla əlaqələrə birbaşa təsiri gözlənilmir. Ermənistan Qərbə inteqrasiya kursunu seçib, Azərbaycan isə daha çox neytral siyasət yürüdür. Bu səbəbdən, yaxın perspektivdə region ölkələri ilə münasibətlərdə ciddi dəyişikliklər baş verməsi ehtimalı azdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az