- Siyasi müzakirə
- 16:33
- 1 226
"Ortada tərəflərin razılaşa biləcəyi hər hansı sənəd layihəsi belə yoxdur" — Xəqani Cəfərli
"İrana qarşı ABŞ–İsrail birgə hərbi əməliyyatlarının başlamasından qısa müddət sonra Prezident Donald Tramp Tehran rejimi ilə sövdələşmə əldə edilə biləcəyi ilə bağlı açıqlamalar verməyə başladı. Bəzi hesablamalara görə, o vaxtdan bəri bu məzmunda 37 dəfə bəyanat səsləndirib. Eyni zamanda, Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmiləri də oxşar açıqlamalarla çıxış ediblər. Trampın dedikləri gerçəkləşsəydi, İranla sövdələşmə çoxdan əldə olunmalı idi. Ancaq ortada tərəflərin razılaşa biləcəyi hər hansı sənəd layihəsi belə mövcud deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı həyata keçirilən son əməliyyatlar zamanı Amerika ordusu 49 ədəd “Tomahawk” qanadlı raketindən istifadə edib. Onun sözlərinə görə, müəyyən edilmiş hədəflərə uğurlu zərbələr endirilib və yekun razılaşma əldə olunana qədər tətbiq olunan blokada davam etdiriləcək. İran tərəfi isə bu açıqlamalara sərt reaksiya verib. SEPAH-ın Hərbi-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi Vaşinqtonu hədələyərək, mümkün qarşıdurmanın ABŞ üçün ağır nəticələr doğuracağını və regionun Amerika üçün “cəhənnəmə çevriləcəyini” bəyan edib.
Siyasi şərhçinin sözlərinə görə, Tramp neft qiymətlərinin kəskin bahalaşmasının qarşısını almağa çalışır, eyni zamanda Polymarket-də mərc edənlərin gözləntilərini diri saxlamağa cəhd göstərir.
"Tramp yaxşı bilir ki, Senatın qəbul etməyəcəyi bir anlaşma onun siyasi sonu ola bilər. Buna görə də o, İranın blokada və hərbi zərbələr altında təslim olacağı günü gözləyir. Həmin vaxta qədər isə hamını, xüsusilə də Polymarket-də mərc edən sadəlövləri aldatmağa çalışır".
Rəfiqə Namazəliyeva,
AzNews.az