Erməni deputat: “Azərbaycan regionda güc balansını pozur”

Ermənistan parlamentinin Xarici Əlaqələr daimi komissiyasının üzvü Artak Zakaryan bölgədəki vəziyyətlə bağlı açıqlama verib. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, erməni deputat bildirib ki, Türkiyənin Yaxın Şərqdə aktivləşməsi Azərbaycanın da Cənubi Qafqazda aktivləşməsinə gətirib çıxaracaq: "Son zamanlar Azərbaycanın addımları qeyri-adekvatdır və beynəlxalq situasiya ilə ahəng deyil. Azərbaycan nəzarətdən çıxa bilər. Bunun nəticələri isə çox ağır ola bilər. Azərbaycan regionda güc balansını pozur".

Zakaryan Türkiyə- Azərbaycan əlaqələrinə də toxunub və bildirib ki, Ankara rəsmi Bakının maraqlarını nəzərə almadan bu ölkənin resurslarından istifadə edir. Qarabağda müharibənin başlaması ehtimalı ilə bağlı isə Zakaryan qeyd edib ki, müharibə onsuz da bitməyib və bir gün belə atəşkəs olmayıb.

O, Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Zakaryan bildirib ki, rəsmi Bakı regionda aktivləşərsə Avropa və Rusiyanın təzyiqləri ilə üzləşəcək.
Ermənistanın indiki şəraitdə ayıq olmalı olduğunu deyən erməni deputat Azərbaycan və Türkiyənin təxribatlarına uymamağı məsləhət görüb.

Sadiq Musa
AzNews.az