- Rusiya və İran
- 16 Dekabr 2020 21:23
- 4 560
Rusiyada son 10 ilin rekord ölüm halı qeydə alınıb
Bu, ölkənin Federal Dövlət Statistikası Xidmətinin hesablamalarında öz əksini tapıb
Bu ilin yanvar-oktyabr aylarında Rusiyada 1 milyon 661 nəfər ölüb.
AzNews.az RBC-ya istinadən xəbər verir ki, bu, ölkənin Federal Dövlət Statistikası Xidmətinin hesablamalarında öz əksini tapıb.
Məlumata görə, bu, son 10 ildə Rusiyada qeydə alınan ən yüksək ölüm göstəricisidir. Amma artım sadəcə koronavirus pandemiyası ilə əlaqədar deyil.
Hesabata əsasən, ölkədə qeyd olunan dövr ərzində ölüm göstəricisi hər 10 min əhaliyə 113,2 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur və 2010-cu ildən bəri qeydə alınan maksimum göstəricidir. Belə ki, 2010-cu ildə hər 10 min əhaliyə 119,3 ölüm düşüb. Həmin il ölüm nisbətinin artımı anomal yay ilə əlaqədar olub. 2010-cu ildən sonra ölkədə ölüm nisbəti azalıb.
Rusiyada apreldən oktyabr ayınadək artıq ölüm (“excess mortality” - gözlənilən ilə müqayisədə ölümün əhali arasında müvəqqəti artımı) 140 000 nəfər olub. Statistika Xidməti 78,6 min ölümün pandemiya ilə əlaqədar olduğunu açıqlasa da, qalan 62 min ölüm halının səbəbi hökumət tərəfindən izah olunmur. Demoqrafların sözlərinə görə, onların ölümləri həm COVID-19 vəfatlarının tam nəzərə alınmamasından, həm də pandemiyanın yaratdığı fəsadlardan da qaynaqlana bilər: səhiyyə sistemindəki yükün artması, tibbi yardımın əlçatmazlığı və koronavirusun yayılmasına psixoloji reaksiya və s.
Xatırladaq ki, Rusiyada indiyədək 2 734 454 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 48 564 nəfər dünyasını dəyişib, 2 176 100 nəfər isə sağalıb.