“5-10 manat çörək pulu üçün oxuyuram“

"Mən halal pulla çörək qazanmağın yolunu 12 yaşımdan bilirəm"


Əməkdar artist Aygün Bəylər uzun zaman fasiləsindən sonra mövqe.az-a danışıb: "Ailə qurduqdan sonra həyatımda müəyyən çətinliklər, problemlər yaşadım. İndi isə heç kimlə işim yoxdur. Başımı salmışam aşağı, öz iş-gücümlə məşğulam. Belə çətinliklər arasında hələ yaradıcılığımla da məşğul oluram. İkinci ali təhsil alıram. Bəzi jurnalistlər gəlib mənə Röya Ayxandan, Nadir Qafarzadədən sual verirlər. Mən də öz şəxsi fikrimi deyirəm. Sonra qalmaqal düşür. Hərə bir söz deyir. Mən də əsəbləşib söyürəm, həmin jurnalistləri də, sözü gedən müğənniləri də...

Bu qədər insanların psixologiyasını pozmaq olmaz. Demək olar ki, hər şeydən kənarlaşmışam. Efirdən uzaqlaşmışam. Mənə lazım deyil gündə efirə çıxım, hər gün gündəmdə olum. Belə şeylər lazım deyil. Daha klip də çəkdirmirəm, heç istəmirəm də... Artıq toylara da getmirəm. Ancaq dost- tanışın toyunda iştirak edirəm. Oxumağı da bilirsiniz niyə oxuyuram?! Çarəsiz, 5-10 manat çörək pulu üçün oxuyuram.

İndi hal-hazırda ən əsas yaradıcılığımla məşğul olub, solo konsertə hazırlaşıram. Konsertdən əvvəl mətbuat konfransı keçirəcəm və bütün jurnalistləri dəvət edəcəm. Konserti may ayına planlaşdırsam da alınmadı. Orkestrın məşqləri uzandığı üçün konsert biz planlaşdırdığımız zamanda baş tutmadı. Payız aylarında təxirə salınmış konsertim baş tutacaq, inşallah. Bildirim ki, konsert H.Əliyev adına sarayda keçiriləcək.

Müğənni A. Bəylər xalqın ona həmişə dəstək olmasından da danışıb: "Bizim xalq lazımınca mənə dəstək olub. Buna görə də hamısına öz təşəkkürümü bildirirəm. Mən halal pulla çörək qazanmağın yolunu 12 yaşımdan bilirəm. Mən sırf sənətlə məşğul olmuşam. İndi isə sırf repertuarımı yığıram. 3-4 gündür yatmıram. Çox yorğunam. Gecədən səhərə qədər not yazıram. Gündüzlər isə başqa işlərimi görürəm.

Konsert repertuarım öz əsərlərimdən, klassik bəstəkarlarımızın əsərləridən və muğamlarımızdan ibarətdir. Bəzi xalq musiqilərimizin və muğamlarımızın üzərində işləyirəm.

Düzdür orkestrovka da elətdirəcəm. Ancaq elə mahnılar var, onları sırf özüm yazmışam, bəstələmişəm fortepianoda oxumaq üçün lazımı qaydaya salmışam. Hələ ki, konsertə hazırlaşmaq üçün məşq prosesləri, repertuar seçimi gedir".

AzNews.az