“Atatürkün yaratdığı siyasi sistem daha əlverişlidir”

Türkiyədə prezident üsul idarəçiliyinə keçid barədə təklif irəli sürülüb. Bu təklif artıq Türkiyə Böyük Millət Məclisinə də göndərilib. Qeyd edək ki, Azərbaycanda qardaş Türkiyənin örnək olaraq götürülməsi və parlamentli respublika idarə üsuluna keçilməsi təklifi zaman-zaman irəli sürülüb. Sözügedən təklif müəlliflərindən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

BAXCP-nin beynəlxalq əlaqələr üzrə katibi Elçin Mirzəbəyli AzNews.az-a deyib ki, təmsil etdiyi təşkilat idarəetmədə qarışıq sistemin tərəfdarıdır və hakimiyyət bölgüsü sərhədlərinin tam bölünməsinin tərəfdarıyıq: "Belə bir sistemdə prezident səlahiyyətlərini saxlayır. Ancaq hökumət parlament seçkilərində qalib gəlmiş partiyalardan formalaşdırılır. Baş nazir qalib partiyalar arasında səs çoxluğuna sahib olan təşkilatdan prezidentin təqdimatına əsasən seçilir.

Əslində bu parlamentin siyasi həyatda aktivliyinə imkan yaradan idarəçilik sistemi olmaqla, həm də şəffaflığın təmininə imkan yarada bilər. Digər bir tərəfdən də bu sistemdə qarşılıqlı nəzarət formaları daha güclü formada fəaliyyət göstərir, dövlət aparatı çevik olur. Hökumət üzvləri parlament tərəfindən seçildikləri üçün pnlar parlament qarşısında məsuliyyət daşıyırlar, mütəmadi parlamentə hesabat verirlər".

Türkiyədə prezidentlik instituna keçid təklifinə toxunan E.Mirzəbəyli hesab edir ki, AKP-nin irəli sürdüyü təklif yanlışdır: "Biz Türkiyənin mövcud modelini həm Türkiyə, həm də bütövlükdə siyasi sistem üçün daha əlverişli hesab edirik.

Atatürkün yaratdığı bu siyasi sistemi Şərq dünyası, xüsusilə də Türkiyə üçün demokratik dəyərlərin qorunub saxlanması baxımından daha əlverişlidir və özünü doğruldub da. Müasir Türkiyənin inkişafının səbəbkarı da məhz o sistemin mövcudluğudur. Hazırda bu addımın atılmasının da məqsədi aydındır, hakimiyyət mümkün qədər siyasi sistemi ələ almaq niyyətindədir.

Biz hesab edirik ki, Şərq, xüsusilə də müsəlman ölkələrində qarşılıqlı mexanizmlərin həyata keçirilməsi, qarşılıqlı sistemin formalaşdırılması şəffaflığın təmininə şərait yaratmaqla daha müsbət bir amildir".

Gültəkin Qəhrəmanlı
AzNews.az