Mirşahin növbəti dəfə YAP-a “hücum” etdi - EKSKLÜZİV

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, teleaparıcı, əməkdar jurnalist Mirşahin Ağayevin hakim Yeni Azərbaycan Partiyası (YAP) funksionerlərinin barəsində söylədiyi fikirlər qarşı tərəfdə birmənalı şəkildə tənqidlə qarşılanıb.

Məsələylə bağlı M.Ağayev AzNews.az-a eksklüziv açıqlamasında deyib ki, "Hesabat" verilişdə qaldırılan əsas məsələ debatlarla bağlı olub: "Amma çox təəssüf ki, bu insanlar mövzuya münasibət bildirmirlər. Burada söhbət məndən və ya ANS-dən getmir, söhbət onların debatlara gəlib-gəlməməsindən gedir. Ümumiyyətlə, bu şəxslər debatlarda iştirak etməlidirlər.

Çünki bu, siyasi mübarizənin tərkib hissəsindən biridir. Bütün hallarda istənilən siyasi qüvvə öz mövcudluğunu sübut etmək üçün oppanentləri ilə hansısa formada debata girməli və mövqeyinin haqlı olduğunu sübut etməlidir. Çox təəssüf ki, onların heç biri hələ də mənim reportajıma nə dolayısı, nə də birbaşa cavab verməyiblər. Onlar sadəcə olaraq bu və ya digər dərəcədə mənə münasibət bildirirlər. Axı mən reportajımda açıq-aşkar hamısını demişəm. Mən konkret adlar çəkirəm ki, bu adamlar debatlarda iştirak etmir.

Bu adamların sırasında yalnız Siyavuş Novruzovun bu və ya digər dərəcədə irad bildirməyə ixtiyarı var. Çünki, S.Novruzov doğrudan da bizim debatlarımızda hər zaman iştirak edib. S.Novruzov qarşısında olan adamın kim olduğundan asılı olmayaraq, o, debatlara gəlib. Son zamanlar dəvət etdiyimiz müxalifət siyasi partiya liderləri və funksionerlərinin əksəriyyətinin debatları alınmayıb. Bunun da əsas səbəbi qarşı tərəf kimi YAP nümayəndələrinin verilişlərə gəlməkdən imtina etməsi olub. Biz də hər dəfə debat xətrinə debat olmasın deyə, heç olmasa qarşılıqlı fikirlərində zidd fikirlər olan siyasi qüvvələri dəvət etmişik.

Məcbur olub bir qayda olaraq YAP-ın mövqeyinə yaxın olduğu üçün Ana Vətən Partiyasının (AVP) nümayəndələri - Fəzail Ağamalı və Zahid Orucu dəvət etmişik. YAP isə birmənalı şəkildə debatlardan yayınır.

Bizim "Hesabat" verilişində ortaya atdığımız məsələ də ondan ibarət idi ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəkləndiyi YAP öz liderlərindən nümunə götürsün və İlham Əliyevin göstərdiyi fəallığın heç olmasa 15-20 faizini fəaliyyətlərində əks etdirsinlər. Bundan isə həm millət, həm də dövlət faydalansın. Əslində mənim də reportajımın məqsədi bundan ibarət olub".

Vasif Həsənli
AzNews.az