“İnsanları dəyənəklə vurmaq, qazla zəhərləmək, əzmək yolverilməzdir” “İnsanları dəyənəklə vurmaq, qazla zəhərləmək, əzmək yolverilməzdir”

Azərbaycan Prezidentindən Avropa ölkələrinə sərt etiraz

“İnsanları dəyənəklə vurmaq, qazla zəhərləmək, əzmək yolverilməzdir”



"Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir. Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya kanalları ilə görürük".

Anspress-in məlumatına görə, bunu Prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, buna dözmək olmaz: "Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar.

Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər.

Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır. Bu məsələlər öz həllini ancaq bu yolla tapmalıdır. Yəni, bu kütləvi narazılığın səbəbləri var. Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir.

Uzun illər iqtisadi əsaslar olmadan böyük xərclər etmiş, borclanmış və ondan sonra borcları qaytara bilməyən, bir-birini əvəzləyən iqtidarlar populist vədlər verməklə faktiki olaraq gələcək nəsillərin ciblərinə girib və böyük dərəcədə borclanıblar. İnkişaf etmiş bəzi ölkələrin xarici dövlət borcu ümumi daxili məhsulun 100 faizinin üstündədir. Bu, əslində o deməkdir ki, bu ölkələr artıq iflasa uğrayırlar. Azərbaycanda isə bu rəqəm 7-8 faizdir".

AzNews.az