Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi İsmayıllı rayonuna gedib. Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi İsmayıllı rayonuna gedib.

YAP rəhbərliyi İsmayıllıya gedib

Hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyi İsmayıllı rayonuna gedib.



YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı "Media forum" saytına deyib ki, bu səfər rayonda baş vermiş son hadisələrlə əlaqədardır, partiya rəhbərliyi İsmayıllıda bir neçə tədbirdə iştirak etməyi nəzərdə tutub: "YAP İsmayıllı rayon təşkilatının rəhbərliyi, fəalları son bir neçə gündə öz üzərlərinə düşən işin öhdəsindən gəliblər, işlərini görürlər.

Yanvarın 25-də isə YAP sədrinin müavini, icra katibi, deputat Əli Əhmədovun rəhbərliyi ilə nümayəndə heyəti İsmayıllıya gedib. Səfərdə mən özüm də iştirak edirəm.

YAP İsmayıllı rayon təşkilatının qərargahında fəallarla görüşümüz olacaq, izahat işləri aparılacaq. Bundan başqa rayon icra hakimiyyətinin, ağsaqqalarının, fəalların iştirakı ilə keçiriləcək tədbirə qatılacağıq".

M.Qurbanlı deyib ki, hadisələr başlanan gündən YAP-ın İsmayıllı rayon təşkilatı ilə sıx əlaqə saxlayıblar: "YAP icra katibi İsmayıllı rayon təşkilatının sədri ilə dəfələrlə danışıb, ona tapşırıqlar verib. Partiya fəallarına yaranmış vəziyyətlə əlaqədar, insanların sakitləşməsi, proseslərin dərinə getməməsi üçün iş aparmalarını tapşırmışıq.

YAP-ın özək təşkilatları, fəalları bu sahədə böyük fəaliyyət göstəriblər, yaxşı işlər görüblər. YAP İsmayıllıda çox güclüdür. Onlar asayişin qorunması, sabitliyin təmin edilməsi, izahat işi aparılması üçün kifayət qədər iş görüblər".

YAP icra katibinin müavini hesab edir ki, bu cür hadisələr istənilən ölkədə baş verə bilər: "Bu hadisələr məişət zəminində yaranmış bir qarşıdurmadan, avtomobil qəzasından sonra başlanan proseslərdir. Qəzanı törədən şəxsin hərəkətlərindən qıçıqlanan, buna etiraz edən insanlar başqa qanunazidd əməllərə yol veriblər. Belə iğtişaşlar çox ölkədə olur. Amma bunu kimsə üsyan, xalqın ayağa qalxması kimi qiymətləndirmir. Bunu belə qiymətləndirənlər bununla yalnız özlərinə təsəlli verirlər. Nə xalq üsyanı? İnsanlar avtomobil qəzası törədən şəxsin kobudluğuna, əxlaqazidd davranışlarına etiraz ediblər, həmin adamın işlətdiyi oteli yandırıblar. Bunu xalq üsyanı adlandırmaq gülüncdür. Bu bir iğtişaş, narazılıqdır. Radikal müxalifət bundan istifadə etməyə cəhd göstərir. Onlar təbii fəlakətlərdən, çay daşmasından da hakimiyyətə qarşı istifadə etməyə çalışıblar. Bu onların adətidir. Son narazılıqlar isə bütövlükdə İsmayıllı əhalisinə aid deyil. Hazırda vəziyyət sakitdir".