- Köhnə - Siyasət
- 27 Fevral 2018 13:35
- 4 276
Amsterdamda AAK-ın qurultayı başlayıb
Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənkənar) qurultayı və Xocalı soyqırımının 26-cı ildönümnə həsr olunan tədbir başlayıb.
“Report”un məlumatına görə, tədbirdə Azərbaycanın media qurumlarının rəhbərlərindən “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Haqqin.az” və “Virtualaz.org” xəbər saytlarının rəhbəri Eynulla Fətullayev və başqaları iştirak edirlər.
Qurultayda ilk olaraq Avropa Azərbaycanlıları Konqresinin (AAK) İdarə Heyətinin hesabatı və Mandat Komissiyasının məlumatı dinləniləcək.
Qurultayın I panel iclasında Azərbaycan Prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın hazırladığı Tədbirlər Planının layihəsi müzakirə olunacaq. İclasın moderatoru vəzifəsini AAK-ın fəxri prezidenti, təşkilatın İcraiyyə Komitəsinin üzvü Samirə Patzer-İsmayılova yerinə yetirəcək.
Toplantıda İsrail Knessetinin sabiq deputatı, İsrailin Belarusidakı sabiq səfiri İosif Şaqal, AAK-ın İcraiyyə Komitəsinin üzvü, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin üzvü Səfər Qaraqoyunlu, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Kiani çıxış edəcəklər.
AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğunu edəcəyi II panel iclasında isə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi nəzərdə tutulur.
Bu paneldə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Məmmədzadə çıxış edəcəklər.
III paneldə “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə) müzakirə olunacaq. Müzakirədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Trend” İbnformasiya Agenmtliyinin Baş direktoru İlqar Hüseynov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev çıxış edəcəklər.
Qurultay tədbirin sənəd layihələrinin müzakirəsi ilə davam edəcək. Bu hissədə Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər, Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı, Qurultayın Qətnaməsi, Qurultay iştirakçıları Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanatı, “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciətinə baxılacaq.
Yekun olaraq Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılması məsələsinə baxılacaq.
Qeyd edək ki, fevralın 26-da Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilən rekviem baş tutub.
AzNews.az