AŞPA-nın qış sessiyası ərəfəsində qurumdakı təmsilçilərimiz demişdilər ki, ola bilsin, aprel ayında baş tutacaq yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ çıxarılsın. AŞPA-nın qış sessiyası ərəfəsində qurumdakı təmsilçilərimiz demişdilər ki, ola bilsin, aprel ayında baş tutacaq yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ çıxarılsın.

Strasburqa cavabımız nə olacaq?

AŞPA-nın qış sessiyası ərəfəsində qurumdakı təmsilçilərimiz demişdilər ki, ola bilsin, aprel ayında baş tutacaq yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ çıxarılsın.

Üstəlik, diqqətli oxucu yəqin onu da yaxşı xatırlayır ki, qurumun Azərbaycanla bağlı ciddi bir problemi yoxdur, sadəcə, bir neçə məhbusla bağlı problem var ki, ölkə onlarla bağlı son qərarını da güman ki, aprel ayına qədər açıqlayacaqdır.

Əslində demək olar ki, bu məsələ də həllini tapıbdır. Hələ ötən ilin dekabr ayında məlum oldu ki, konkret olaraq məhbus İ.Məmmədov hər vaxt azad olunmaq üçün müraciət edə bilər və hakimiyyət bu müraciətə müsbət yanaşacaq.

Amma problem ondadır ki, İ.Məmmədov qeyd-şərtsiz azad olunmasını təkid edir. Düşünürük, bu məsələdə nə o, nə də hakimiyyət öz dediyində israr etməməlidir – bütün hallarda ortaq bir məxrəc tapıb problemi çözmək olar.

Xüsusən də bir neçə aydır ki, söhbəti gedən böyük əfv kampaniyası ilə bütün bu problemləri həll etmək və “siyasi məhbus” spekulyasiyalarına birdəfəlik son vermək mümkündür.

O ki qaldı başqa məsələlərə, səhv etmiriksə, Avropa Şurasının Azərbaycanla bağlı digər problemi yoxdur, əksinə Azərbaycanın bu quruma qarşı müəyyən haqlı iradları vardır.

Bu iradlar da Şuranın daim Azərbaycanı “qara siyahı”da görmək cəhdlərilə bağlıdır. Halbuki Azərbaycanda demokratiyanın vəziyyəti tam ideal olmasa da, hər halda, Avropa institutlarının xüsusi bir nəvazişlə yanaşdığı Ermənistandakından qətiyyən geri də deyil.

Doğrusu, mən “ikili standartlar” ifadəsini o qədər də sevmirəm. Amma bir məsələ ilə razılaşmamaq çox çətindir; təəssüf, Avropada da insanlar müəyyən etnik və dini stereotiplərdən azad deyillər.

Onların çoxu apriori olaraq belə hesab edir ki, guya xristianlığı “hamıdan əvvəl” qəbul etmiş kiçik xalq – ermənilər heç bir vaxt qeyri-demokratik ola bilməzlər, guya ki, Ermənistan heç vaxt vətəndaşlarının hüquq və azadlıqlarını poza bilməz!..

Halbuki hələ ötən il bu “mütərəqqi xalq”ın nümayəndələri üç yaşlı Zəhranı nənəsilə birlikdə qətlə yetirdilər! Halbuki Cənubi Qafqaz bölgəsinə yetərincə bələd olmayan təhlilçilər də bu gün Ermənistanda baş verənləri siyasi maskarad adlandırır və açıqca deyirlər ki, məqsəd bir siyasi klanın hakimiyyətini uzatmaqdır.

Bunları Avropa Şurası və ya digər institutlar görmürmü? Yox, düşünmürük ki, avropalı siyasətçilərin və diplomatların görmə ilə bağlı problemləri var və yaxud da bu insanlar daltonizmdən əziyyət çəkirlər. Yox, onlar hər şeyi yaxşı görür və hər şeyi yerli-yataqlı bilirlər, di gəl, özlərinə nə sərf edirsə, öz çeşidli maraqlarına nə cavab verirsə, onu dilə gətirirlər.

Bəli, problem bundadır. Əslinə qalanda isə Azərbaycanda söz azadlığı da var, informasiya azadlığı da, üstəlik, ifadə azadlığı da! Əhalisinin 70-80 faizinin heç bir məhdudiyyət olmadan internet istifadəçisi olduğu bir ölkədə söz, informasiya və ifadə azadlığının təpki və təhdid altında olduğunu demək olarmı?..

Bəzi “müxalifət”çilər ifadə azadlığı, siyasi aksiyalarla bağlı problemin olduğunu iddia edirlər və bunu onunla izah edirlər ki, insanlar onların keçirdiyi “etiraz” tədbirlərinə qatılmır. Halbuki bunun tamam məntiqli izahı var.

Özünüz fikirləşin, əgər insanlar mənzillərində oturub internet vasitəsilə bütün informasiyaları rahatca ala bilirsə və hətta həmin müxalifətçilərin aksiyalarda səsləndirdiyi fikirlərdən də tənqidi və kəskin fikirlər dinləyə bilirlərsə, niyə görə onlar durub harasa, hansısa “siyasi tədbir”ə getməlidirlər ki, orada müxalifətçi deyilən insanların bayağı çıxışlarına qulaq assınlar?..

Görünür, bəziləri hələ də 80-ci illərin möhtəşəm mitinqlərinin təsirindən ayırla bilmirlər. O vaxt mitinqlərin möhtəşəm keçməsinin cox səbəbləri vardı.

Biri də bu idi ki, onda indiki qədər alternativ informasiya mənbəyi, internet, televiziyalar yox idi, insanlar həqiqətən də mitinqlərdə siyasi cəhətdən məlumatlanırdılar. Amma indi belə deyildir – elə evdə oturub dünyanın istənilən yerindən məlumat almaq olur...

Üstəlik, uzun illər siyasi prosesləri izləyən adam kimi deyə bilərəm ki, özünə müxalifət deyən adamlar əbədilik geri qalıblar. Mən iqtisadiyyat və buna yaxın sahələri bir tərəfə qoyuram, bu adamların hətta müasir dövlət quruculuğu, siyasi islahatlarla bağlı azacıq da olsa, təsəvvürü yoxdur. Bunlar “mitinq”lərində elə primitiv, elə naşı və elə bayağı sözlər deyirlər ki, hətta orta savadlı adama da maraqlı və inandırıcı görünmür.

Hələ 90-cı illərdə bu insanların bəzilərinə deyirdik ki, daha 80-ci illər deyil və “bazar iqtisadiyyatı”, “siyasi islahatlar” və “demokratiya” kimi ümumi şüarlarla insanların diqqətini cəlb etmək olmaz. İnsanlar görür ki, sadalanan hər sahə ilə bağlı ölkədə konkret iş görülür və sizlər də bacarırsınızsa, konkret məsələlərdən danışın, yox, bacarmırsınızsa susun və insanları nağıllarınızla yormayın...

Bütün bunları niyə deyirik? Yazının adını Strasburqla başladıq və ilk sözlərimiz də Avropa Şurası ilə bağlı oldu. Bir daha deyirik ki, qurumda Azərbaycanın hər addımında problem axtaran isanlar da var. Nə demək olardı bu xüsusda?

Düşünürük ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri elə onlar üçün də fürsətdir, buyurub gəlsinlər və hər şeyi öz gözlərilə görsünlər.

Hətta Rusiya kimi ölkədə bəzi “problemli” namizədləri elə bəri başdan qeydə almadılar.

Amma Azərbaycanda qətiyyən belə deyil. Sadəcə, daha rasional düşünən, reallığı inkar etmək yolunu tutmayan və bayağı dərəcədə “radikal” olmağın gülünc olduğunu anlayan müxalifət adamları özləri də etiraf edirlər ki, hakimiyyətin namizədi onlardan qat-qat güclüdür və daha böyük elektoral dəstəyə malikdir. Qoy avropalı ekspertlər də gəlib bunu yerindəcə görsünlər.

Bizim Strasburqa cavabımız da elə budur..

Hüseynbala Səlimov
AzNews.az