“Yeni hərəkat Paşinyan hakimiyyətinə təzyiqi artırır” - Elçin Mirzəbəyli

“Ermənistan son aylarda daxili siyasi mənzərəsində yeni gərginlik dalğası yaşayır. Cəmiyyətin müxtəlif təbəqələrində müşahidə olunan canlanma, xüsusilə də oliqarxların, keçmiş və müharibə canikəri olan dövlət başçılarının və din xadimlərinin aktivləşməsi, hakimiyyətin dayanıqlığına ciddi təzyiqlər yaradır. Həbsdə olan rusiyalı erməni milyarder Samvel Karapetyanın təşəbbüsü ilə formalaşan “Öz yolumuz” hərəkatı bu proseslərin mərkəzinə çevrilib. Hərəkatın əsas məqsədi yalnız Paşinyan hökumətinə qarşı müxalif mövqe tutmaq deyil, həm də ölkənin gələcək siyasi arxitekturasını müəyyən edən yeni siyasi güc mərkəzi kimi formalaşmaqdır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Xatırladaq ki, Ermənistan son aylarda yeni siyasi canlanma mərhələsinə qədəm qoyub. Həbsdə olan rusiyalı erməni milyarder Samvel Karapetyanın “Öz yolumuz” hərəkatı ölkədə oliqarx siyasətini yenidən gündəmə gətirib. Din xadimləri, keçmiş prezidentlər və iqtisadi elitanın aktivləşməsi isə daxili siyasi mübarizəni daha da dərinləşdirir və yeni güc balansının formalaşmasından xəbər verir.

Deputat qeyd edib ki, Ermənistanda oliqarx siyasətinin yenidən gündəmə gəlməsi, əslində, cəmiyyətin keçmişlə bu gün arasında seçim qarşısında qalmasından irəli gəlir.

"Paşinyan 2018-ci ildə hakimiyyətə gələrkən korrupsiya ilə mübarizə, ədalətli dövlət və demokratik islahatlar vədləri vermişdi. Lakin son illər bu vədlərin reallaşmaması, iqtisadi tənəzzül və siyasi qeyri-müəyyənliklər fonunda əhalinin bir hissəsində narazılıq artıb. “Öz yolumuz” kimi hərəkatların meydana çıxması da bu narazılığın oliqarxik kanallar vasitəsilə siyasi resurs kimi istifadəsinə imkan yaradır. Bu proseslər yalnız daxili siyasi sabitliyi deyil, həm də Ermənistanın regional davranışını və xarici siyasət kursunu müəyyən edən əsas amillərdən birinə çevrilə bilər. Rusiyaya yaxın iqtisadi və siyasi qrupların fəallaşması Kremlin Ermənistan üzərində təsir imkanlarını bərpa etmək üçün yeni mexanizmlər formalaşdırdığına işarədir. Samvel Karapetyanın hərəkatının yaradılması da məhz bu məqsədə, Rusiyanın Ermənistan siyasətində yenidən təsir rıçağı qazanmasına xidmət etdiyi şübhə doğurmur. Bu vəziyyət, təbii ki, regional sabitlik üçün müəyyən risklər yaradır. Ermənistan daxilində güc balansının dəyişməsi, xüsusilə Rusiyapərəst dairələrin mövqelərinin güclənməsi sülh gündəliyinə dolayısı ilə təsir göstərə bilər. Bununla yanaşı, “Öz yolumuz” hərəkatının və digər müxalif platformaların fəaliyyəti Ermənistan cəmiyyətində milli kimlik və geosiyasi oriyentasiya məsələlərini yenidən gündəmə gətirir. Kilsə institutunun proseslərdə fəal iştirakı, dini və milli ideologiyanın siyasi alətə çevrilməsi ehtimalını artırır. Bu isə ölkədə sekulyar idarəetmə modelinin zəifləməsinə, siyasi proseslərin emosional və populist çalarlar qazanmasına gətirib çıxara bilər. Nəticə etibarilə, Ermənistanda baş verən bu canlanma sadəcə bir hakimiyyət böhranı deyil, həm də dövlətin geosiyasi identikliyini müəyyən edən proseslərindəki böhranın dərinləsdiyinə işarədir".

Rəfiqə Namazəliyeva,

AzNews.az