İbrahimbəyov Milli Şuranın mitinqində iştirak edəcək? - Açıqlama

Avqustun 18-də Milli Şura Bayıl qəsəbəsindəki "20-ci sahə" adlanan ərazidəki sürücülük məktəbinin həyətində mitinq keçirəcək.

Bəs, qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyov Milli Şuranın bu ilk mitinqində iştirak edə biləcəkmi?

Məsələ ilə bağlı AzNews.z-a açıqlama verən AXCP-nin sədr müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı bildirib ki, indiki halda R.İbrahimbəyovun Milli Şuranın mitinqində iştirak edəcəyi inandırıcı görünmür.

Onun sözlərinə görə, Milli Şura sədrinin ölkəyə gəlməməsinin səbəbi Rusiya vətəndaşlığı ilə bağlı problemin həll edilməsi olduğu və bu problem hələ də öz həllini tapmadığı üçün R.İbrahimbəyovun avqustun 18-dək Bakıya dönməsi və MŞ-in mitinqində iştirak etməsi real deyil. F.Qəhrəmanlı onu da deyib ki, məhz bu səbəbdən R.İbrahimbəyov Milli Şuranın avqustun 19-da keçirilməsi nəzərdə tutulan sessiyasında da iştirak etməyəcək: "Bu bizdən və ya Rüstəm bəyin özündən asılı olmayan məsələdir. Onun Rusiya vətəndaşlığı ilə bağlı məsələ nə vaxt həllini taparsa, o zaman da Bakıya qayıdacaq".

Anar
AzNews.az