Parlamentdə AXC qurucuları bağlı- Təkliflər



Millət vəkilləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilə bağlı yeni təkliflər səsləndiriblər.


Trend xəbər verir ki, millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında qeyd edib ki, son zamanlar ölkə başçısına hansı məsələlərlə bağlı müraciət olunursa, ona daha çox diqqət yetirilir. Belə məsələlərdən biri də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı qərardır:

"Çox sevindirici haldır ki, artıq dövlət özü Məhəmməd Əmin Rəsulzadəyə sahib çıxır. Çox yaxşı olardı ki, Azərbaycan dövlətinin qurulmasında, onun ilk dəfə müstəqilliyinin əldə edilməsində rolu olmuş Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılsın, onun heykəli ucaldılsın".

Deputat Qüdrət Həsənquliyev isə bir qrup ictimaiyyət nümayəndəsinin "Sahil" bağının "Cümhuriyyət" bağı adlandırılması ilə bağlı verilən təkilfi bəyəndiyini deyib. Onun fikrincə, həmin bağın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şərəfinə adlandırılması daha məqsəduyğun olardı.

Həmkarlarının təkliflərinə şərik çıxan Qənirə Paşayeva isə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı qərarın Azərbaycan xalqı tərəfindən müsbət qəbul olunduğunu və alqışlandığını deyib.

Bununla yanaşı, millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və həmin hökumətin ilk Baş naziri olan Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsi məsələsini gündəmə gətirib. Q.Paşayeva təklif edib ki, ya Bakıda, ya da onun anadan olduğu Gəncədə heykəli ucaldılsın.

AzNews.az