Kimsəsiz uşaqlar hansı şəxslərə övladlığa verirlər?

Hazırda yüzlərlə yetim və kimsəsiz azyaşlılar uşaq evlərində böyüyür. Məlumdur ki, o uşaqlar orda nə qədər qayğı görsələr də, isti bir ocağı, bütöv bir ailənin göstərdiyi nəvazişi, verdiyi tərbiyəni əvəz edə bilməz. Bununla yanaşı, övlad həsrətli yüzlərlə ailə mövcuddur. Belə bir ailənin kimsəsiz uşağı öz ailəsinə qəbul etmək istəməsi təqdirəlayiq bir haldır. Ancaq bəzən ailədə belə bir istək olsa da, müəyyən qayda-qanunlar uşaq götürməyə imkan vermir.

Redaksiyamıza ünvanlanan məktubda ana olmaq istəyən qadının belə bir problemi ilə qarşılaşdıq. Şikayətçi bildirir ki, ailəyə övlad verilməməsinin bir səbəbi həyat yoldaşının dövlət işində çalışmamasıdır. Onun sözlərinə görə, yoldaşının daimi işi və 500 manatdan çox gəliri var. Bununla belə, onun dövlət qulluqçusu olmaması övladlığa uşaq götürməyə mane olan səbəb kimi göstərilib. Ailəni narazı salan başqa şərtlər də olub. Məsələnin məğzini öyrənmək və bu problemlə qarşılaşan ailələri uşaq evlərindən övladlığa götürməyin qaydaları ilə tanış etmək istədik.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirdi ki, uşaq evlərindən övladlıq götürmək istəyən şəxs öncə müvafiq qurumlara müraciət etməlidir: "Təbii ki, bu müraciətlərdən sonra rayonlarda yerləşən İcra Hakimiyyətləri övladlıq götürmək istəyən valideynin həyat şəraitini, sosial və psixoloji vəziyyətini qiymətləndirir. Ailənin övladlıq götürməyə nə dərəcədə hazır olduğu barədə rəy hazırlayır. Bundan sonra Nazirlər Kabinetinin xüsusi qərarı ilə övladlıq götürmək istəyən şəxslərin xəstəliklər siyahısında adı olub-olmadığı yoxlanılır. Belə ki, şəxslərdən birinin hər hansı bir xəstəliyi varsa , onlar övlad götürə bilməzlər".

Hüquqşünasın sözlərinə görə, bununla bağlı xüsusi qiymətləndirilmə aparıldıqdan sonra valideynlərin hazırladıqları bütün sənədlər, ərizə lazımi müəssisələrə göndərilir: "Övladlığa götürmək istədikləri uşaq 3 yaşından aşağı və 3 yaşındadırsa, Səhiyyə Nazirliyinə, yaşı 3-dən yuxarıdırsa, Təhsil Nazirliyinə sənədlərlə müraciət olunur. Nazirliklər övladlığa veriləcək uşaqların qeydiyyat siyahısını valideynə təqdim edir. Valideyn isə öz istəyinə uyğun olaraq o uşaqlardan birini seçir. Seçilmiş uşaqla bağlı məsələ məhkəmə tərəfindən həll olunur. Bundan sonra həmin uşaq ailəyə övladlığa verilir".

N. Quliyev onu da bildirdi ki, əsas ailə başçısının dövlət işində çalışması yox, övladlığa götürdükləri uşağa sağlam və normal həyat şəraiti qurması, ehtiyaclarını ödəyəcək imkana malik olmasıdır.

Qeyd edək ki, şikayətçinin qayınanası və qayınatası ilə bərabər, onların evində yaşaması da övladlığa uşaq götürməyə mane olur: "Uşaq evlərindən bildiriblər ki, əgər birgə yaşadığınız insanlarını razılığı olmazsa, prosesin həyata keçirilməsi mümkün deyil". Nazir Quliyev bu məsələyə də aydınlıq gətirdi: "Yaşadıqları ev qayınatasının və ya qayınanasının adınadırsa və onlar da o evdə qeydiyyatdadırlarsa, bu mümkün deyil. Hökmən onların razılığı olmalıdır. Əslində mən bunu normal hesab etmirəm".

Sevinc Fədai
AzNews.az