Nazir Sam Kutesa ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirakı çərçivəsində bu gün Assambleyanın prezidenti Sam Kutesa ilə görüş keçirib.


Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüş əsnasında BMT Baş Assambleyasının 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

E.Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş Assambleyası və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

S.Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinə aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

O, əminliyini ifadə edib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.

AzNews.az