Nazir Aşqabadda daha bir görüş keçirdi

İyunun 5-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Söhbət zamanı mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, yaradıcı kollektivlər və ixtisaslaşmış təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iki ölkə xalqları arasında mədəni yaxınlaşmanın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib. Qeyd olunub ki, tədbirlər proqramına Azərbaycan kinematoqrafiyasına həsr olunmuş film nümayişləri, ölkəmizin zəngin ədəbi və bədii irsini əks etdirən mühazirələr, eləcə də müxtəlif sərgilər daxildir. Mədəniyyət Günlərinin əsas tədbiri isə tanınmış Azərbaycan incəsənət ustalarının iştirakı ilə keçiriləcək qala-konsert olacaq. Tədbirlər Aşqabad və Arkadağ şəhərlərində təşkil olunur.

Tərəflər həmçinin hər iki ölkənin zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edən birgə layihələrin, sərgilərin və digər mədəni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sənət adamları və yaradıcı ziyalılar arasında əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Görüş zamanı beynəlxalq təşkilatlar və mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin Türkmənistan-Azərbaycan mədəni-humanitar tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən yeni əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edərək, xalqların rifahı naminə konstruktiv dialoqun davam etdiriləcəyinə əminliklərini bildiriblər.