İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.



AZNEWS.AZ xəbər verir ki, nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Dövlət başçısı ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini deyib.

Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.