İqbal Ağazadə: “Orada baş verənlər bizə də təsir edəcək”

"Çoxları Gürcüstanda baş verənləri Saakaşvilinin məğlubiyyəti kimi qəbul edir. Amma belə deyil". Bunu AzNews.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, Gürcüstanda baş verənlər prezident Mixail Saakaşvilinin millət, xalq yolunda ən böyük qələbəsidir: "Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, xalq yeni bir sistem üzrə işlərin aparıldığını görür. Xalq idarəetmədə qanunun, hüququn bir ehkam kimi ortada olacağına inanır. Proseslər də bu istiqamətdə aparılır. Kimsə hesab edirsə ki, Bdizina İvanişvili Rusiyapərəstdir, çox səhv düşünür. Onun mövqeyi qərbə çox yaxındır. Hətta NATO standartları ilə yaşamaq və idarə olunmaq prinsiplərini açıq şəkildə ortaya qoyur".

Partiya sədri əlavə edib ki, İvanişvili Rusiya ilə xoş münasibətlərin tərəfdarıdır: "Əvvəllər Saakaşvili də Rusiya ilə çox yaxın təmasda idi. Rusiyanın dedikləri yerinə yetirilmədikdə əlaqələr pozuldu. İvanişvili də elə hesab edir ki, Rusiya ilə normal münasibətlər qura bilər. Amma anlamır ki, Cənubi Qafqazda fərqli siyasət yürüdülür. Hesab edirəm ki, İvanişvili Saakaşvilinin yolunu davam etdirəcək və orada heç bir böhran baş verməyəcək".

İ.Ağazadə vurğulayıb ki, idarəetmə, düşüncə, psixologiya baxımından yaxın ərazidə baş verən proseslər bizə də təsir edəcək. Ona görə də həm Ermənistan, həm də Azərbaycan bu barədə düşünməlidir.

İlkin
AzNews.az