Elşad PAŞASOY Elşad PAŞASOY

Bizi Gürcüstanda gözləyən təhlükə

Elşad PAŞASOY


Ermənistan sərhədçilərinin Gürcüstan ərazilərini zəbt etməsi xəbəri əslində yeni deyil. Bu haqda hələ iki il əvvəl "Yeni Müsavat" yazmışdı. ("Borçalıda ikinci "Qarabağ kartı" işə salınıb" http://musavat.com/news/siyaset/borchalida-ikinci-qarabag-karti-ishe-salinib_173475.html) O zaman Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və təşkilatın dir qrup üzvü ilə bu sətirlərin müəllifi ilhaq edilmiş torpaqların lap yaxınlığınadək - azərbaycanlıların kompakt yaşadığı Xuludərə kəndinədək - gedib çıxmışdı...

Gürcüstanın Rustavi-2 kanalı yalnız indi xəbər yayıb ki, bəs, Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt edib. Bu proses isə illərdir gedirdi, sanki gürcü sərhədçilər bütün bunları görmürdü. Yadımdadır, hətta QAT sədri Gürcüstanda keçirdiyi görüşlərdə Ermənistandakı rus əsgərlərinin Gürcüstanın içərisinə doğru irəlilədiyi barədə xəbərdarlıq etsə də, gürcülər bundan xəbərsiz olduqlarını deyirdilər, bu barədə hökuməti, parlamenti məlumatlandıracaqlarına söz verirdilər. Lakin bu müddətdə rəsmi Tiflisdən heç bir reaksiya görə bilmədik.

O zaman Borçalıdakı soydaşlarımız, həmçinin azərbaycanlı deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri and-aman edib deyirdilər ki, Tiflis hər şeydən məlumatlıdır, sadəcə bölgədə azərbaycanlılar yaşadığı üçün məsələyə biganəlik göstərir. Üstəlik, torpaqları zəbt edənlərin əslində "erməni" adı altında Rusiya hərbçilərinin olduğunu gözəl bildiyi üçün ehtiyatlı davranır. Nəticəsi də belə: Azərbaycanlıların kəndi olan Xuludərə məktəbinin əkin sahəsində rus hərbçiləri kazarma tikiblər. Üstəlik, "neytral" zona da elan olunub, əraziyə insan, heyvan, nə daxil olursa, tutub Ermənistana aparırlar. Vəziyyət çoxdan belədir. "Rustavi-2" kanalı isə yalnız bu günlərdə məsələni ictimailəşdirdi. Görünür bu, gürcü hökumətinin özünə lazımdır.

Məsələ burasındadır ki, Gürcüstanın Rusiya tərəfindən tam işğal olunması təhlükəsi yaranıb. Rus hərbçiləri mövqelərini Bakı-Supsa neft kəmərinin 50 metrliyinədək irəli çəkib. Bu səbəbdən Tiflisin mərkəzində anti-Rusiya aksiyaları başlayıb. İndi Gürcüstanın digər istiqamətdən də müdaxiləyə məruz qaldığı barədə məlumatı ictimailəşdirməklə beynəlxalq diqqəti daha çox cəlb etmək istəyirlər. Hansı ki, "Yeni Müsavat"ın yazdığını şübhə yoxdur ki, Gürcüstanın Bakıdakı səfirliyi də oxumuşdu, əgər Tiflis doğrudan da bixəbər idisə, elə Bakıdan bu barədə məlumatlar ötürülə, məsələ ictimailəşdirilə bilərdi. Ancaq indi rus hərbçiləri Borçalı torpaqlarında möhkəmləndiyi halda onları geri qaytarmaq sadəcə mümkünsüzdür.

O zaman rəsmi Tiflis bu təhlükəni ictimailəşdirməkdə böyük rol oynayanlara təşəkkür etmək əvəzinə, Akif Nağını "persona non-qrat" elan etdi. Gürcüstanı erməni-rus təhlükəsindən xəbərdar edən Azərbaycan vətəndaşını, onun müavinini bu cür "mükafatlandırdılar". Düzdür, burada vaxtilə familiyasını dəyişmiş, gürcüləşmiş ermənilərin rol oynadığı da iddia olunur. Lakin istənilən halda söhbət Gürcüstan dövlətindən gedir, özü də bu dövlətin ayaqda qalması üçün Azərbaycan hər şey edib və edir. 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsi zamanı və ondan sonrakı müddətdə isə Azərbaycan bütün risklərə rəğmən qonşu ölkəyə dayaq oldu.

Əgər bunun qarşılığında Gürcüstan hətta iki ölkənin qardaşlığını təbliğ edən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin də üzünə qapılarını qapayırsa, ona doğmalarının məzarını ziyarət imkan vermirsə, daha bunun harası dostluq-qardaşlıq oldu? Sonuncu anormal münasibəti isə Dinamo Tibilisi - "Qəbələ" futbol matçında gördük. Gürcüstanda azərbaycanlı azarkeşi döydülər, bayrağımızı ayaqlar altına atdılar, stadionda Qax, Zaqatala rayonlarına iddianın əks olunduğu lövhə qaldırdılar. Deyək ki, burda da erməni bayrağının olması mümkündür. Elə isə David Qareci kilsəsinə iddianı necə başa düşək? Borçalı ərazilərində addımbaşı hətta gecələr işıq saçan xaçlar basdırılıb, buna nə ad qoyaq? Bunlarıdamı ermənilər basdırıb? Gürcü hökuməti də yaxşı anlayır ki, bu ərazilər tarixən azərbaycanlılara məxsus olub, amma adlarını kütləvi dəyişdiriblər, pay torpaqlarını müxtəlif adlarla zəbt ediblər, xaç basdırıblar. Bu, bir dövlət siyasətidir. Bununla da Gürcüstan əslində erməni və rus maraqlarının daşıyıcısına çevrilir. Rusiya və Ermənistan da gürcülərlə azərbaycanlıların arasında ixtilaf yaranmasını çox istəyir. Hətta Qırmızı körpü buraxılış məntəqəsinə nəzarətin ələ alınması planı var, Sadaxlıya gedən yolun üstündə Suriyadan gəlmiş ermənilər üçün qəsəbə salınması da həmin planın tərkib hissəsidir, azərbaycanlıları mühasirəyə alıb sonra didərgin salmaq istəyirlər. Rəsmi Tiflis buna niyə göz yumur?

Azərbaycan hökuməti də bütün bu məsələlərə müdaxilə etməli, soydaşlarımızın taleyini sual altına qoyan layihələrin durdurulması üçün hər cür imkandan yararlanmalıdır. Gürcüstan Azərbaycandan aldığı qazın hesabına erməni kəndlərini qazlaşdırır, azərbaycanlıların yaşayış məskənləri isə odun yandırır.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov deyib ki, ermənilərin azərbaycanlıların sıx yaşadığı ərazinin 10 hektar ərazisini zəbt etməsi ölkə parlamentində müzakirə ediləcək. Məmmədov da təsdiqləyib ki, ermənilərin bənzər hərəkətləri 10 ildən çoxdur davam edir, hər il onlar sərhədi 5 metr irəli çəkirlər. "Özü də əsasən azərbaycanlıların sıx yaşadığı yerlərdə baş verir, başqa yerlərdə belə bir şey olmur", - deyib deputat. Rusiya Cənubi Osetiya tərəfdən də Gürcüstanın içərilərinə doğru irəliləyir, Bakı-Supsa təhlükə altındadır. Bu tərəfdən də Ermənistan əraziləri genişləndirilir. Hər iki halda Azərbaycan və azərbaycanlılar da ciddi təhlükə ilə üzləşib. Rəsmi Bakının da hərəkətə keçməsi, Tiflislə birgə vəziyyətdən çıxmaq üçün addımlar atması gərəkdir. Azərbaycan Rusiya ilə daha yaxşı münasibətlərinin olmasından istifadə edə bilər. Əgər Rusiya-Azərbaycan münasibətləri yaxşıdırsa, onda Ermənistandakı rus bazası azərbaycanlıların kompakt yaşadığı torpaqların ilhaqına son versin. Digər tərəfdən, rus əsgəri bir az da irəliləsə, neft kəmərlərimizi zəbt edəcək, Türkiyəyə aparan yeganə quru yolumuz kəsiləcək. Təhlükənin miqyası bu dərəcədə böyükdür...

(musavat.com)