Aİ-nin ekspertləri Ədliyyə Nazirliyində

Avropa İttifaqı (Aİ) Azərbaycanın ədliyyə sektorunda aparılan islahatlara dəstək verərək bu sahədə yeni layihənin həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu məqsədlə Aİ-nin ekspert missiyası ölkəmizə səfər edərək Ədliyyə Nazirliyinin struktur qurumlarında, o cümlədən Ədliyyə Akademiyasında, Penitensiar Xidmətdə, habelə Məhkəmə-Hüquq Şurasında layihənin mümkün prioritet istiqamətləri barədə müzakirələr aparılıb, bu təşəbbüsün ədliyyə və məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlərə əlavə töhfə verəcəyi vurğulanıb.


AzNews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardın və ölkəmizdə səfərdə olan ekspert missiyasının ədliyyə sektorunun strateji inkişafı və mühüm əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşü olub.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, təklif olunan layihə ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində yardım göstərilə biləcək istiqamətlər müzakirə edilərək müvafiq prioritetlər müəyyən olunub, ədliyyə sektorunda strateji planlaşdırma işinin həyata keçirilməsi, Ədliyyə Akademiyasının, eyni zamanda, Məhkəmə-Hüquq Şurasının potensialının gücləndirilməsi, hakimlərin tədrisində yeni modellərin, habelə probasiya xidmətinin və mediasiya institutunun tətbiqi, yaxşı təcrübələrin öyrənilməsi kimi sahələrin əhəmiyyəti qeyd edilib.