İlham Əliyev Sarkisyanla bu şərtlə görüşəcək

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşü barədə qərar hələ qəbul olunmayıb.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Prezidentlərin dekabrın əvvəllərində görüşünün nəzərdə tutulması barədə xəbərlərə münasibət bildirən Novruz Məmmədov bildirib ki, prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, rəsmi Bakı görüşlərdən yayınmır və görüşməyə hazırdır.

N.məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə doğru hər hansı addım üçün şəraitin yaradılacağına dair əminlik olarsa, görüş baş tuta bilər.

"ATƏT-in Minsk qrupunun həmsədrləri belə görüşü cari ildə təşkil etməyə çalışırlar. Belə görüş baş tutsa, biz görüşdən bir neçə gün əvvəl məlumat verməyə çalışacağıq. Bu gün konkret heç nə deyə bilmərəm".

PA rəsmisi bəyan edib ki, Dağlıq qarabağ münaqişəsinin nizamlanması üzrə bütün danışıqların mahiyyəti bundan ibarətdir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb.

Torpaqların azad edilməsinin Madrid prinsiplərində də göstərildiyini deyən N.Məmmədov bildirib ki, bu prinsiplərdə nəzərdə tutulub ki, ilk mərhələdə 5 rayon azad olunsun, ikinci mərhələdə Laçın dəhlizinin formatı müəyyən edilsin, qalan iki rayonun qaytarılması məsələsi həll olunsun, Dağlıq Qarabağda təhlükəsizlik baxımından sülhməramlı qüvvələr yerləşdirilsin, III mərhələdə isə azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağda yerləşdirilsin, yaşasın, müəyyən vaxtdan sonra referendum keçirilsin.

N.Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir Qərb dövlətlərindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT qətnamələrinə uyğun həlli ilə bağlı ədalətli mövqe görmür. Bu isə vəziyyəti mürəkkəbləşdirir.

PA rəsmisi qaçqın probleminə də toxunub. O bildirib ki, Avropa qaçqın problemının həlli üzrə Azərbaycanin təcrübəsini öyrənə bilər. Diplomat Azərbaycanın Qarabağ münaqişəsi ilə əlaqədar 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldığını, çətin dövrdə bu problemin öhdəsindən gəldiyini söyləyib.

"Amma bir il ərzində Avropaya 700-800 min qaçqın gəlib və böyük problemlərə səbəb olub. Artıq Amerika Birləşmiş Ştatlarında da müzakirələr aparırlar ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər. Yəni Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər, lakin bir dəfə də olsun Azərbaycanın adını çəkmirlər. Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verə bilirlər, amma qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmırlar. Bu Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir.