ATƏT PA Azərbaycanla yeni səhifə açmaq niyyətindədir

Yanvarın 25-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədr müavinləri Georgi Seretelini və Kent Harstedti qəbul edib.


Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq bildirib ki, ATƏT PA-nın hər iki sədr müavininin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir: "Biz bu səfəri əlaqələrimizi möhkəmləndirmək baxımından yüksək qiymətləndiririk. Azərbaycan ATƏT-lə 20 ildən çoxdur əməkdaşlıq edir. Əməkdaşlığımızın müsbət məqamları ilə yanaşı, bizi narahat edən bir sıra məsələlər də vardır. Ümid edirik ki, dialoq nəticəsində sual doğuran bu məsələlərə aydınlıq gətiriləcək".

Spiker bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın işində daim fəal iştirak edir. Milli Məclisin yeni tərkibi formalaşdıqdan sonra ölkəmizin bu qurumdakı nümayəndə heyətinə yeni üzvlər seçilib. Nümayəndə heyətinə ötən illərdə olduğu kimi, Milli Məclis sədrinin müavini Bahar Muradova başçılıq edir.

O.Əsədov V çağırış Milli Məclisə seçkilərdə qurumun nümayəndə heyətinin müşahidəçi qismində iştirak etməməsindən təəssüfləndiyini bildirərək, anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan tərəfi ATƏT-lə əməkdaşlığı davam etdirmək, ölkə ictimaiyyətində qurumun bəzi təsisatlarına olan inamsızlığı aradan qaldırmaq üçün səylər göstərmək niyyətindədir. Ancaq bu səylər qarşılıqlı olmalıdır.

Sədr səfər çərçivəsində qonaqların keçirdiyi görüşlərin və aparılan danışıqların münasibətlərimizin inkişafına yeni töhfə verəcəyinə inamını ifadə edib.

ATƏT PA-nın sədr müavini G.Sereteli nümayəndə heyəti adından səmimi qəbula görə minnətdarlığını bildirib. O deyib ki, təmsil etdiyi təşkilat müstəqil Azərbaycanla əməkdaşlıq sahəsində yeni səhifə açmaq niyyətindədir: "Münasibətlərimizin uzun müddət davam etməsinə baxmayaraq, bəzi xoşagəlməz hallar da olub. Biz qarşıya çıxan sualları dialoq yolu ilə aradan qaldırmaq, Azərbaycanla həyatın bütün sahələrində konstruktiv əməkdaşlıq etmək fikrindəyik".

Qonaq səfər çərçivəsində keçirdikləri görüşlərdən və aparılan danışıqlardan məmnun qaldıqlarını söyləyib.

Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri B.Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslərin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.