Şuşakəndin yeni dirçəliş dövrü başlayıb - FOTO

Şuşakənd - Qarabağın dağlar qoynunda yerləşən, Şuşanın adını daşıyan qədim kəndlərindən biri. Sıldırım qayaların, meşəliklərin və dolanbac yolların arasında yerləşən bu kəndin dirçəliş dövrü başlayıb.

Aznews.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndi bu gün artıq yeni bir mərhələnin astanasındadır.

Kənd Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib və bundan sonra burada genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib. Dağ kəndinin siması tədricən dəyişir, keçmişin izləri ilə gələcəyin ümidləri eyni məkanda birləşir.

İndiyədək kənddə sosial infrastrukturun qurulması istiqamətində bir sıra layihələr icra olunub və bu proses davam etdirilir. Mövcud elektrik xətləri bərpa edilib, 3 su anbarı və bir subartezian quyusu yenidən istifadəyə verilib, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb. Kəndə qaz xətti çəkilib, içməli su şəbəkəsi təmir edilib. Eyni zamanda rabitə xətlərinin layihəsi təsdiqlənib və hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlı vəziyyətdədir. Bu rəqəmlər burada aparılan bərpa işlərinin miqyasını göstərir - hər ev, hər küçə günü-gündən abadlaşır və dirçəlir.

image description