"Məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”. "Məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”.
  • Toplum
  • 10 Yanvar 2019 11:31
  •  1 460

Övladını məktəbə yola salan valideynlərin qorxusu - VIDEO

"Məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”.

Valideyn övladını məktəbə göndərkən fikri də onun yanında qalır. Yolu necə keçdi? Rahat çatdımı? Bu və digər formada narahatlıq yaşayır. Bu səbədəndir ki, məcbur qalıb maşınla özü aparır və nəticədə günün pik saatlarında məktəbyanı ərazilərdə aləm bir-birinə qarışır.

Hər zaman aktual qalan məsələ həllini tapacaq. Çünki ölkə başçısının imzaladığı 2009-2023-cü il dövlət proqramında problem diqqətdə saxlanılıb.

Valideyn: “Harada saxlayıb düşürüm? Maşını ən azı 300-350 metr yuxarıda saxlamışam. İndi hava xoşdur gedirik, amma yağış yağanda, su, palçıq olanda, oradan düşüb gələnə kimi ayaqqabılar su içində olur”.

Yol kənarında yerləşən məktəblərdə hər gün demək olar ki, eyni vəziyyətin şahidi oluruq. Tıxac. Yolu təyin edilməyən yerdən keçən kim, maşınla yolu kəsən kim. Təbii ki, səbəblər var.

Valideyn: “Aşağıda dayanacaq var, orada bizə yer ayrılmalıdır. Heç olmasa oradan düşüb parkın içərisi ilə uşağımızı məktəbə gətirək”.

Azər Allahverənov – nəqliyyat eksperti: “Məktəbətrafı səkilər çox dar olur. Həmin səkilərlə hərəkət edən uşaqlar əksər hallarda səki ilə belə hərəkət etmirlər, yola çıxırlar. Bu zaman onunla paralel hərəkətdə olan avtomobil əgər saatda 60 km/saat sürətlə gedirsə bu uşaq üçün potensial təhlükəlidir. Ümumiyyətlə məktəbətrafı yollarda sürət həddi yenidən nəzərdən keçirilməlidir”.

Şagird: “Keçən il məni burada maşın vurdu. Sürətlə gəlirdi”.

Çox ərazilərdə yol hərəkəti qaydaları düzgün tənzimlənmir. Valideynlər özləri də günahkardır.

Valideyn: “Uşaqların təhlükəsizliyi üçün yaxşı yer deyil, məcbur hamı burada saxlayır”.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, növbəti 5 il ərzində bu problem həllini tapmalıdır. Bunun üçün müvafiq orqanlara təkliflər planının hazırlanması tapışırığı verilib. Ekspertlər deyir ki, həmin təkliflər planında beynəlxalq təcrübənin də yer alması yaxşı olar.

Azər Allahverənov – nəqliyyat eksperti: “Müvafiq qaydada nişanlanmanın aparılması, müxtəlif müşahidə kameraları vasitəsi ilə müşahidələrin aparılması, ümumiyyətlə səyyar qaydada hərəkət edən yol patrul xidmətinin əməkdaşlarının bu məsələdə nəzarətinin daha təkmil şəkildə qurulması hayata keçiriləcək tədbirlər planının tərkib hissəsində olmalıdır. Beynəlxalq praktikada xüsusi diqqət təhsil müəssisələrinin təcrid olunan ərazilərdə yerləşdirilməsinə yönəlir. Təbii ki, əgər şəhər infrastukturu buna imkan verirsə”.

Azərbaycanda tədris ocaqlarının nəqliyyat sıxlığının aradan qaldırılması üçün hazırlanacaq tədbir planında nələrin yer alacağını isə yaxın zamanlarda görmək mümkün olacaq. (ARB TV)

AzNews.az