• Toplum
  • 11 İyun 2020 09:40
  •  1 201

Avtobuslarda kondisionerlər niyə işləmir?

"Sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür"

"COVID-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. TƏBİB-in tövsiyəsinə əsəsən bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır".

AzNews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işləməməsi məsələsinə aydınlıq gətirərkən deyib.

M. Ağayev sərnişinlərdən bu məsələni anlayışla qarşılamalarını xahiş edib.

"Təəssüflər olsun ki, bəzi maraqlı dairlərin və bəzi daşıyıcıların əlində alətə çevrilən müəyyən informasiya saytları bu məsələdə də spekulyasiyalara əl atırlar. Əsassız fikir və yalnış rəy yaymaqla görülən işlərə kölgə salır, sərnişinlər arasında yersiz təşviş və çaşqınlığın yaranmasına səbəb olurlar.

Son 5 ildə dövlətin diqqəti və qayğısı nəticəsində Bakı şəhəri üçün 600-dən artıq müasir, komfortlu o cümlədən sərinləndirmə sistemləri olan avtobus alınıb. Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisədə bu çox mühüm bir statistikadır. Alınan avtobusların ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi görülən tədbirlərin əhəmiyyətini daha da artırır. Bütün bunlar isə vətəndaşlarımıza təhlükəsiz və rahat sərnişindaşıma xidmətlərinin göstərilməsi üçündür.

Bu gün sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür", - deyə M. Ağayev vurğulayıb.

O qeyd edib ki, məsələ ilə əlaqədar beynəlxalq təcrübə tədqiq olunub və hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb.