• Toplum
  • 24 Dekabr 2020 11:30
  •  724

“Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub

Diaspor təşkilatlarının üzvləri və diaspor fəallarına

Ötən ilin sonunda Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, komitə bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib.

Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə həmin medala layiq görülüblər.

Möhtərəm Cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəklədiyi Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib. Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımızın müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanatı ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb.

Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib.

Diaspor təşkilatları və fəalları ölkəmizin diaspor siyasətinə böyük töhfələr verir və bunun nəticəsidir ki, bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.