- Toplum
- 22 Sentyabr 2023 09:16
- 8 314
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi açıqlanıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün göndərdiyi humanitar yardıma daxil olan məhsullar açıqlanıb.
Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib ki, yardıma ərzaq məhsulları, çörək, gigiyenik vasitələr daxildir.
O deyib ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə gigiyenik vasitələr və eləcədə iki ədəd içərisində çörək olan maşınlar Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir: "Yük karvanı hazırda açıq olan, Ağdam-Xankəndi yolundan istifadə etməklə Xankəndinə çatdırılacaq. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq".
M.Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib: "Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq".



