- Toplum
- 15:32
- 935
Bakıda ürək transplantasiyası ilə bağlı dəyirmi masa keçirilib - FOTO
Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda dəyirmi masa keçirilib.
AzNews.az xəbər verir ki, dəyirmi masada aidiyyəti qurumların və səhiyyə mütəxəssislərinin iştirakı ilə transplantasiya əməliyyatının elmi-praktiki əhəmiyyəti və gələcək perspektivləri müzakirə edilib.
Açılış nitqi ilə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olanların sayı çoxdur: “Bu mövzuda əsas məsələ donorun tapılmasıdır. Azərbaycanda ilk ürək transplantasiyası həyata keçiriləndən sonra ürək donoru olmaq istəyənlərin sayında artım gördük".
Səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib ki, ölkədə transplantasiya əməliyyatları sistemləşdirilmiş şəkildə aparılır: “Sistemin elektronlaşdırılması məsələsi gündəmdədir. Bu sahədə müəyyən işlər görülüb, hələ tamamlanmayıb”.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovanın sözlərinə görə, Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib.
Qafqazda ilk ürək transplantasiyası olunan Rəşad Məmmədəliyev çıxış edərək əməliyyat olunmasında əməyi keçənlərə təşəkkür edib, sonra hər kəsi donorluqdan faydalanmağa çağırıb.
Rəşad Məmmədəliyevin valideyni Fəridə Hüseynova hər kəsə təşəkkür edib, meyit donordan transplantasiyanı qəbul etdikləri üçün oğlunun növbə gözləmədən əməliyyat olunduğunu bildirib.
Dəyirmi masada çıxış edən Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bildirib ki, transplantasiya əməliyyatlarının sayının artması üçün maarifləndirmə işləri aparılmalıdır.
AzNews.az