Avstraliya müdafiə xərclərini 50 milyard dollar artıracaq

Avstraliyanın müdafiə naziri Riçard Marles qarşıdakı 10 ildə müdafiə xərcləri üçün 50 milyard dollarlıq əlavə büdcə ayrılacağını açıqlayıb.

"ABC News" -un məlumatına görə, Avstraliya Milli Mətbuat Klubunda çıxış edən Marles “İnteqrasiya edilmiş İnvestisiya Proqramı” (IIP) və ölkənin müdafiə büdcəsinin artırılması planını ehtiva edən 2024-cü il Milli Müdafiə Strategiyasını təqdim edib.

Marles, 10 illik müddətdə Avstraliyanın müdafiə büdcəsinə 50 milyard dollar əlavə ediləcəyini, 72,8 milyard dolların isə mövcud xərclərin yenidən təşkili ilə müdafiə xərclərində istifadə edilə biləcəyini ifadə edib.

Nazir Marles qeyd edib ki, hökumətin yeni planı çərçivəsində uzaqmənzilli raketlərin, hədəf nişanlı və avtonom silah sistemlərinin hazırlanmasına 1 milyard dollardan çox vəsait ayrılacaq.

Avstraliyanın ticarətə "asılı olduğunu" və yanacaq ehtiyacının təxminən 85 faizini Cənubi Koreya, Sinqapur və Malayziyadan idxal etdiyini xatırladan Marles, "Biz həqiqətən dənizdəki rabitə şəbəkəsindən asılıyıq. Dəniz yolundakı qaydalar bizim hər şeyimizdir",-deyə o, əlavə edib.

Mövsüm

Aznews.az