Braziliyanın keçmiş prezidentinə verilən 27 illik həbs qərarı qüvvəyə minib

Braziliya Ali Məhkəməsi sabiq dövlət başçısı Jair Bolsonaronun 2022-ci il seçkilərindən sonra dövlət çevrilişi planlaşdırmaqda təqsirli bilinərək aldığı 27 il 3 aylıq həbs cəzasının qüvvəyə mindiyini və icrasına başlanıldığını elan edib.

İşə baxan Ali Məhkəmənin hakimi Aleksandr de Moraes bildirib ki, məhkəmə prosesi üzrə bütün hüquqi mərhələlər tamamlanıb və apellyasiya yolu artıq mümkün deyil.

Bolsonaronun cəzasını ev dustaqlığında çəkməsi ilə bağlı vəkil tələbi rədd edilib. Hakim Moraes onun şənbə günündən etibarən paytaxt Braziliyada yerləşən polis bölməsində saxlanılmasının davam etdirilməsi barədə qərar verib.

Hakim eyni zamanda Bolsonaronun səhhətinin pisləşməsi ilə bağlı həkim hesabatlarını nəzərə alaraq, ona tam zamanlı tibbi nəzarət göstərilməsini də əmr edib.

Yerli mediaya görə, 2019–2023-cü illərdə prezident olmuş 70 yaşlı Bolsonaro saxlanıldığı polis bölməsində 12 kvadratmetrlik xüsusi otaqda qalacaq. Otaqda yataq, ayrıca hamam, pəncərə, televizor, kondisioner və kiçik soyuducu mövcuddur.

Bildirilir ki, Bolsonaro şənbə günü elektron qolbağını lehimləmə aləti ilə açmağa cəhd etdikdən sonra bu polis bölməsinə köçürülüb.

Mövsüm,

AzNews.az