İsrail Livan hökuməti ilə masaya oturur

İsrail, qarşıdakı günlərdə Vaşinqtonda Livan hökuməti ilə rəsmi danışıqlara başlayacağını elan etdi. Təl-Əviv rəhbərliyi bu prosesdə Livan Hizbullahı ilə hər hansı atəşkəs müzakirəsinin aparılmasını isə qəti şəkildə rədd edib.

İsrailin Vaşinqtondakı səfiri Yehiel Leiter İsrailin Livan hökuməti ilə "rəsmi sülh danışıqlarına" başlamaq qərarı aldığını açıqlayıb. Görüşlərin çərşənbə axşamı ABŞ Dövlət Departamentində başlaması gözlənilir.

"Hizbullah sülhün qarşısında maneədir"

Səfir Leiter verdiyi yazılı açıqlamada İsrailin Livan dövləti ilə masaya oturacağını, lakin Hizbullahı kənarda saxlayacağını vurğulayaraq bunları qeyd edib:

"İsrail hücumlarına davam edən və iki ölkə arasındakı sülhün qarşısında əsas maneə olan terror təşkilatı Hizbullah ilə atəşkəs barədə müzakirə aparmağı rədd edir."

İsrail ordusu ötən ayın əvvəlindən bəri Hizbullahın raket hücumlarına cavab bəhanəsi ilə Livan torpaqlarına qarşı genişmiqyaslı hava və quru əməliyyatı həyata keçirir.

İslamabad görüşləri Livanı əhatə etmir

İsrail tərəfi həmçinin bu gün (şənbə) İslamabadda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan və regional gərginliyi azaltmağı hədəfləyən müzakirələrin Livan dosyesini əhatə etmədiyini vurğulayıb.

Mövsüm

AzNews.az