Bu gün dünyanın müxtəlif ölkələrində hakimiyyətə qarşı təhqir və böhtan atanlar qanunla cəzalandırılırlar. Bu gün dünyanın müxtəlif ölkələrində hakimiyyətə qarşı təhqir və böhtan atanlar qanunla cəzalandırılırlar.

Dünyada hakimiyyəti təhqir edənləri necə cəzalandırırlar?

Bu gün dünyanın müxtəlif ölkələrində hakimiyyətə qarşı təhqir və böhtan atanlar qanunla cəzalandırılırlar.

Azərbaycanda da bütün qanunlar dünya təcrübəsinə əsasən hazırlanır və qəbul edilir. Amma təəssüf ki, bəzi qaraguruh sosial şəbəkədə, çalışdığı KİV-də törətiyi əməli, ağzından çıxan sözü və ya yazdığı yazını görməzdən gələrək, ona qarşı qanun çərçivəsində görülən hər hansı bir tədbiri pisləyir və ya söz, ifadə azadlığının pozulması kimi qələmə verir. Halbuki, elə söz və ifadə azadlığı haqqında qanunlar belə nəinki hakimiyyəti, yüksək zümrəli şəxsi, heç kimi təhqir etməyə şans vermir.

Bu mövzununun dünyada olan aktuallığını nəzərə alıb "Ria Novosti"də dərc olunan bir məqaləyə diqqət edək:

Rusiyada Dövlət Dumasının deputatlarının hazırladığı KİV-də yalan informasiyanın yayılmasını və internetdə dövlət hakimiyyəti orqanlarına "açıq hörmətsizliyi" qadağan edən yeni qanun layihəsi geniş müzakirələrə səbəb olub.

Baş prokurorluq, Rabitə və Ədliyyə nazirliyi nümayəndələri bu qanun layihəsini tənqid etsələr də deputatlar beynəlxalq təcrübəyə əsaslanırlar.

Gəlin nəzər yetirək. Buna bənzər qanun pozuntularına və məmurların təhqir olunmasına görə dünyanın müxtəlif ölkələrində hansı cəza tətbiq olunur:

Hörmət etmirsənsə, cəzalandırılacaqsan

Rusiya Dövlət Dumasında ötən ilin dekabr ayında internetdə informasiyanın yayılmasının nizama salınması haqqında bir neçə qanun layihəsi irəli sürülüb. Qanun layihələrinin bəndlərindən birində qeyd olunub ki, sosial şəbəkədə cəmiyyətə, dövlətə, dövlət simvollarına, hakimiyyət orqanlarına "açıq hörmətsizliyə" görə, 15 sutkaya qədər inzibati cəza, KİV isə dərc etdiyi "mötəbər olmayan məlumatlar"a görə, milyon rublluq cərimə və bloklanmaya məruz qalacaq.

Təhqiredici informasiyanı məhkəmədən kənar qaydada baş prokurorun və ya onun müavininin təşəbbüsü ilə bloklamağı təklif edilir.

Sənəddə "açıq hörmətsizliyin" nə demək olduğu konkretləşdirilməyib.

Deputat və senatorların bu qanun layihəsinə hökumətin necə reaksiya verdiyi isə hələlik məlum deyil. Roskomnadzor, Ədliyyə və Rabitə nazirlikləri qanun layihəsini indiki halıyla dəstəkləmir. Baş prokurorluqda izah ediblər ki, belə qanun layihələrinin qəbulu "vətəndaşların informasiyanı azad yayılması hüququnun əsassız məhdudiyyətinə gətirib çıxara bilər". Bir çox sosial şəbəkə istifadəçisi də senzuradan və tənqidin qadağan olunacağından danışaraq bu fikri dəstəkləyir.

Alman nizamı

Rusiya Dövlət Dumasında təklif edilmiş qanun layihələri 2017-ci ilin iyununda alman parlamentinin qəbul etdiyi qanun layihəsini xatırladır. Bu qanun layihəsinin təşəbbüskarı isə həmin dövrdə ədliyyə naziri, hazırda xarici işlər naziri olan Hayko Maas idi.

Bundestaqda çıxış edən Maas "internetdə tənzim olunmaz vəziyyətə son qoymağa" çağırış etmişdi. Almanların böyük əksəriyyəti qanun layihəsinin internetdə söz azadlığına son qoyacağını deyərək onunla razılaşmadılar.

Bu səbəbdən hökumət güzəştə getdi. Əvvəlcə təkcə təhqiredici şərhlərin deyil, həmçinin saxta məlumatların silinməsi təklif edilirdi. Yekun variantda yalan məlumatların yayılmasına görə məsuliyyət barədə qeyd yoxdur.

Ümumiyyətlə, Almaniya nifrət və təhqirin qarşısını almaq üçün qəbul edilən qanunların sərtliyinə görə seçilir.

Xolokostun inkarına, küfr, böhtan, konstitusiya əleyhinə təbliğat və xarici dövlət nümayəndələrinin təhqirinə görə məsuliyyət nəzərdə tutulub. Bütün bunlar sosial şəbəkələrin nizama salması haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun pozuntusuna görə cərimə tətbiq olunur: fiziki şəxslər 5 milyon, şirkətlər 50 milyon avroya qədər. Bayraq, gerb və himni təhqir edən şəxsi isə 3 ilə qədər həbs cəzası gözləyir.

Ərdoğanın təhqir olunmasına görə

Türkiyədə hakimiyyətin təhqir olunmasına görə iri məbləğdə cərimə və ya bir ildən dörd ilədək həbs cəzası tətbiq edilir.

2016-cı ilin fevralında 24 yaşlı jurnalist Hilal Kalafat prezident Rəcəb Tayyib Ərdoğan barədə mənfi status yazdığına görə 28 aylıq həbs edilmişdi. Hilal postu silsə də, istifadəçilərdən biri onu şikayət etmişdi.

Ötən yay rəssam Nuri Kurtcebe də eyni ittihamla 14 ay və 15 günlük həbsə salınmışdı. Üç il ərzində o, prezidentin karikaturalarını çəkirdi.

Müğənni Zuhal Olcay 10 aylıq məhkum edilmişdi. Səhnədə çıxışlarının birində müğənni gözlənilmədən mahnının sözlərini dəyişərək "Rəcəb Tayyib Ərdoğan, hər şey boş, hər şey yalan. Bir gün bu həyat bitəcək - siz deyəcəksiniz: "Bu yuxu idi". Müğənni özü sözlər qafiyələnsin deyə belə oxuduğunu demişdi.

Avropa həmrəyliyi

Son 3 ildə İspaniyada 48 min insan "təhlükəsizlik orqanlarının nümayəndələrinə və üzvlərinə hörmətsizlik"lə bağlı qanunu pozduğuna görə cərimələnib.

Təhqirlərdən başqa, asayiş keşikçiləri, həmçinin düzgün saxlanılmamış partul avtomobilinin videosunun bəyənilməsi və paylaşılmasını da əhatə edir.

Polşada prezidentin təhqir edilməsinə görə, ya 3 illik həbs cəzası, ya böyük məbləğdə cərimə, ya da ictimai iş cəzası tətbiq edilir. Həmçinin, ölkəyə səfər edən xarici dövlət başçılarının ünvanına mənfi fikirlərin bildirilməsinə görə də cəza gözlənilir.

2005-ci ildə yerli KİV-dən birinin sahibi Polşaya səfər edən Roma papasını təhqir edən yazı paylaşdığına görə prokurorluq tərəfində 20 min zlot ( 5300 dollar) cərimə edilmişdi.

2012-ci ildə bir nəfər prezident Bronislav Komorovski barədə sayt yaratdığına görə, 10 ay ictimai iş görməyə məcbur edilmişdi.

Danimarka, Belorus, Venesuela, İran, Qazaxıstan, Küveyt, Bəhreyn, İordaniya və bir neçə başqa ölkələrdə dövlət başçılarının təhqir olunmasına görə həbs cəzası tətbiq edilir.

Niderlandda kraliçanın ünvanına söylənilən təhqirə görə 5 il, onun həyat yoldaşının təhqir edilməsinə görə 4 il həbs cəzası verilir. 2012-ci ilin avqustunda hollandiyalı tvitter hesabında kraliça II Beatriks barədə xoşagəlməz sözlər yazdığına görə 6 ay həbsxanada cəza çəkmişdi. Müqəssir Asperger sindromundan əziyyət çəkdiyinə görə cəzası yüngülləşdirilmişdi.

Əlahəzrətin müdafiəsi

Tailandın Cinayət Məcəlləsində 1908-ci ildən "əlahəzrətin təhqir edilməsinə görə" bəndi yer alıb. Monarx ailəsinin üzvlərindən birinə edilən şifahi və ya yazılı təhqir 15 illik həbslə cəzalandırılır. Yerli KİV-lərin məlumatına görə, hazırda Tailandda 100-dən artıq şəxs kralı təhqir etdiyinə görə həbsxanadadır.

Ən səs-küylü hökm isə 2017-ci ilin iyulunda verildi. Tailandlı bir xanım kral ailəsinin üzvlərinin şəkillərini öz şərhləri ilə facebook-da paylaşdığına görə 35 illik həbsə məhkum edildi. Məhkəmə onun şərhinin təhqiredici olduğunu qəbul etdi. Xanıma hər paylaşdığı fotoya görə 10 illik cəza verildi. Bu isə ümumilikdə 70 il edirdi. Lakin, məhkəmə onun səmimi peşmanlığını qəbul etdiyinə görə, cəza müddətini 2 dəfə azaltdı.

Həmçinin, Youtube-da Tailand kralını və monarxiyasını təhqir edən yüzlərlə kanal blok edilib.

Amerika liderlərlə deyil

ABŞ-da dövlət başçısının və ya başqa yüksək vəzifəli şəxslərin sosial şəbəkədə təhqirinə görə heç bir cəza nəzərdə tutulmayıb. Ancaq millətlərarası düşmənçiliyin və təhlükənin qarşısını almaq üçün tədbirlər həyata keçirilir. Belə bir hadisə Şimal Karolinadan olan gənc afroamerikalı Donte Jamar Simsin başına gəlib.

Tvitterdə ABŞ prezidenti postunu tutan Barak Obamaya təhdidedici tvitlər paylaşdığına görə ona 6 ay həbs və bir illik şərti cəza verildi. "Mən Barakın alnını güllə ilə doldursam, məxfi xidmət orqanları onu qoruya bilməyəcəklər", - tvitlərdən birində belə yazılmışdı.

Arizonalı polis Pat Shearer Barak Obamanın dəlik-deşik edilmiş təsviri olan futbolka geyindiyinə görə onun rütbəsi azaldılmışdı.

Pensilvaniya sakini Nicholas Savino da 1 il həbsdə qalıb. O, Ağ evin saytında belə bir post paylaşıb - Prezident Obama - Antixrist. Konstitusiyanı pozub, ya sən gedəcəksən və ya səni güllə ilə vuracaqlar".

Fəridə Abdulla
AzNews.az