Lavrovun səfərindən gözləntimiz yoxdur - Politoloq

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır.

Bununla bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyevanın fikirlərini öyrəndik.

Siyasi ekspert bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini üç istiqamətdə şərh etmək lazımdır: Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan-Rusiya-Ermənistan münasibətləri və 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda Rusiyanın mövqeyi istiqamətində.

Onun sözlərinə görə, mövcud vəziyyəti risklərin idarə olunması və bu risklərin perspektiv inkişafı ilə bağlı müştərək fikirlərin dəyərləndirilməsi istiqamətində bir imkan kimi görmək lazımdır:

"44 günlük Vətən müharibəsindən sonra Rusiyanın Üçtərəfli razılaşmadakı öhdəlik və məsuliyyətlərinə yetərincə əməl etməməsi, həm də məsuliyyətsiz yanaşması Rusiyanın Cənubi Qafqaz maraqlarını kifayət qədər zədələyir. Bu, özünü Azərbaycanla olan münasibətlərdə birbaşa göstərmir. Amma Azərbaycan fərqindədir ki, Rusiyanın iştirakçısı olduğu Üçtərəfli razılaşmanın bəndlərinin həyata keçirilməsində müəyyən məsuliyyətsizliyi var. Bu məsuliyyətsizlik üzündən də Cənubi Qafqazda vəziyyət heç də Rusiyanın xeyrinə dəyişmir.

Politoloqun fikrincə, bu görüşdən hər hansı xüsusi fayda gözlənmək olmaz:

"Əvvəlcə ona görə ki, Lavrov nə qədər Rusiya xarici işlər naziri olsa da, bir neçə dəfə ondan Üçtərəfli razılaşmanın həyata keçirilməsi istiqamətində və Azərbaycan-Ermənistan münasibətlərində Azərbaycanın xeyrinə bəzi mesajlar eşitsək də, ortada onun erməni olması faktı da var".

Y. Hacıyevanın sözlərinə görə, Azərbaycan Üçtərəfli razılaşmanın imzalanmasından sonra bu ötürmələrin Ermənistana şəxsən Rusiya xarici işlər naziri Lavrovdan atılmasını müşahidə edib:

"Bunlar Rusiyanın bu prosesdə öhdəliklərinə məsuliyyətli yanaşmasına inamımızı azaldıb. Digər bir məqam Rusiyanı bu mərhələdə nəyin narahat etməsidir? Cənubi Qafqazda istər delimitasiya-demarkasiya məsələsində, istər digər Ermənistan-Azərbaycan problemlərində Rusiyanın öhdəliklərinə məsuliyyətsiz yanaşması kənar oyunçuların Ermənistan vasitəsilə Cənubi Qafqaza girməsinə səbəb olub. Bu gün Ermənistanın Azərbaycanla sərhədində məhz Avropa Birliyinin missiyası fəaliyyət göstərir. Bu missiya həm də rus əsgərləri ilə üz-üzədir. Laçın yoluna rus əsgərləri nəzarət edir. Avropa Birliyinin əvvəlcə qısa müddətli və kiçik tərkibdə bir missiyanı göndərməsi, daha sonra onu qismən genişləndirməsi və bu missiyaya həm də təhlükəsizlik mandatının verilməsi bizə o ehtimalları irəli sürməyə rəvac verir ki, məsələ bununla yekunlaşmayacaq. Ermənistan Avropa Birliyinin qoşunlarının Cənubi Qafqaza yerləşməsi üçün müəyyən şərait yaradır. Amma bunu da qeyd etmək lazımdır ki, bu şəraiti ilk növbədə Rusiyanın məsuliyyətsizliyi yaradır. Eyni zamanda erməni lobbisinin maraqları var.İstər Avropa Birliyi ölkələrində, istər ABŞ və Rusiya da olsun, ermənin şəbəkəsinin geniş fəaliyyəti var. O səbəbdən bu səfərdən çox böyük gözləntimiz yoxdur. Ümumiyyətlə, gözləntimiz yoxdur”.

Rəşid QARAYEV