Rusiya Ermənistanı ciddi bir dövlət kimi tanımır - Politoloq

“Ermənistan ekspertləri reallq hissini tamamilə itiriblər. Ancaq köhnə revanşist iddialarla erməni cəmiyyətinin özünü də çaşdırmağı və Ermənistanın daxilində bir fikir xaosu, bulanıqlıq yaratmağa çalışır. Əvvəla Rusiya Ermənistanı real bir güc kimi görmür. Yaxud da başa düşür ki, Ermənistan hansısa bir formada sorosçuların at oynatdığı bir məkan halına gəlsə də, Rusiya ilə mübarizə aparmaq potensialında olan bir ölkə deyil”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O deyib ki, Ermənistan bu gündə tamamilə iqtisadi baxımdan Rusiyadan asılı vəziyyətdədir və hər nə qədər Qərb Ermənistanın daxilində mövcudluğunu artırmağa çalışsa da, faktiki olaraq nə Qərbin, nə də Ermənistanın Gümrüdəki hərbi bazanı çıxartmaq gücü yoxdur.

“Digər tərəfdən isə Rusiya hazırda Ukrayna müharibəsinə görə ciddi formada siyasi-iqtisadi sanksiyalar, təqiblərlə üz-üzədir. Əsla ağlabatan bir fikir deyil ki, bu gün Rusiya hansısa bir formada Ermənistanı bölüşdürməyi düşünsün və ya Ermənistanı bölmək üçün hansısa siyasi iradə ortaya qoysun. Rusiya Ermənistanı ciddi bir dövlət kimi tanımır. Erməni ekspertlərin Rusiyanın Ermənistanı böləcəyi ilə bağlı iddiaları isə sadəcə olaraq cəfəngiyyatdır. Ermənistanın daxilində növbəti dəfə ictimai rəyi çaşdırmağa hesablanmış xarici düşmən axtarışına çıxmaq cəhdləri klassik erməni eyforiyasından başqa bir şey deyil”.

Rəfiqə NAMAZƏLİYEVA