Əli Mustafayev: “Sülh Sazişi Ermənistanın Konstitusiya Dəyişikliyindən Asılıdır”

“Son dövrlərdə beynəlxalq arenada müşahidə olunan siyasi fəallıq və geosiyasi yenidənqurma prosesi Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana da təsirsiz ötüşmür. Azərbaycan, bu proseslərə adaptasiya olunaraq, həm Şərq, həm də Qərb bloklarının maraqları ilə müəyyən qədər uzlaşan balanslaşdırılmış xarici siyasət kursu yürüdür. Bu siyasət ölkənin geosiyasi çəkisini artırmaqla yanaşı, onu regional siyasi dinamikaların mərkəzinə çevirir. Lakin bu vəziyyət yalnız fürsətlər deyil, eyni zamanda məsuliyyət və risklər də yaradır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, Azərbaycanın xarici siyasətində artan aktivlik və Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyini göstərir. Ekspertlər bu dinamikanın ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Ermənistan–Azərbaycan münaqişəsinin yekun həllinə təkan verdiyini bildirirlər. Bu baxımdan yaxın aylarda sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması ehtimalı daha da aktuallaşır.

Siyasi şərhçi bildirib ki, ziddiyyətli güc mərkəzlərinin maraqlarının toqquşduğu bir məkan kimi, regionda sabitliyi qorumaq və diplomatik həssaslıqları düzgün şəkildə idarə etmək Azərbaycanın qarşısında duran əsas çağırışlardandır.

“Bu kontekstdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi ön plana çıxır. Hazırda əsas maneələrdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Sazişin imzalanması üçün Ermənistan mütləq hüquqi əsas formalaşdırmalı və bu, böyük ehtimalla referendum yolu ilə reallaşdırılmalıdır. Lakin bu proses Ermənistan üçün ciddi siyasi risklər daşıyır. Əgər Baş nazir Nikol Paşinyan Konstitusiya dəyişikliyinə üstünlük verərsə, növbəti seçkiləri riskə ata bilər. Əksinə, seçkiləri ön planda tutarsa, bu zaman sülh sazişinin imzalanması prosesi təxirə düşə bilər. Bu da onu göstərir ki, proseslərin inkişaf tempi birbaşa Ermənistanın daxili siyasi qərarlarından asılı olacaq. Zəngəzur dəhlizi məsələsi isə daha konkret fazaya daxil olub. Artıq Ermənistan tərəfindən ciddi və əsaslı arqumentlər səslənmir. İran da bu məsələyə qarşı müəyyən narahatlıqlar bildirsə də, bu narahatlıqlar real hüquqi və siyasi əsaslara söykənmir. Çünki burada dövlət sərhədlərinin dəyişməsi deyil, sadəcə kommunikasiya marşrutlarının açılması müzakirə olunur. Eyni zamanda, İran ərazisindən alternativ yolun çəkilməsi də planlaşdırılır ki, bu, Ermənistan üzərindən keçəcək marşrutun reallaşmasını daha da aktuallaşdırır. Bu baxımdan, Zəngəzur dəhlizinin gerçəkləşməsi yaxın dövrdə mümkün görünür”.

Siyasi şərhçi daha sonra əlavə edib:

“Digər tərəfdən, Rusiyanın Ermənistanın daxili siyasətinə təsir etməyə çalışdığı da istisna deyil. Rusiya Paşinyan hakimiyyətini dəyişmək niyyətində ola bilər ki, bu da region üçün əlavə qeyri-müəyyənlik və risklər yaradır. Azərbaycan üçün isə mövcud status-kvonun qorunması daha məqsədəuyğundur, çünki bu, sülh gündəliyinin irəliləməsi və təhlükəsizlik mühitinin sabit saxlanması baxımından əlverişli şərait yaradır. Nəticə etibarilə, Cənubi Qafqaz beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşduğu həssas region olaraq, sülh və sabitlik məkanına çevrilməlidir. Bunun üçün isə həm Azərbaycan, həm də Ermənistan tərəflərinin konstruktiv mövqe tutması zəruridir. Hazırkı mərhələdə prosesin taleyi əsasən Ermənistanın atacağı addımlardan asılıdır. Konstitusiya dəyişikliyi və daxili siyasi iradə məsələsi, sülh sazişi və Zəngəzur dəhlizi ilə bağlı qərarların açarı rolunu oynayır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az