- Müşahidə məntəqəsi
- 10:12
- 1 469
Ermənistan parlamentinə hansı qüvvələr mandat qazandı? - ARAYIŞ
Mərkəzi Seçki Komissiyası Ermənistandakı 2005 seçki məntəqəsində keçirilən parlament seçkilərinin nəticələrini ümumiləşdirib. İlkin nəticələrə görə, parlamentə aşağıdakı siyasi qüvvələr daxil olur: "Vətəndaş Müqaviləsi" partiyası (49,81%), "Güclü Ermənistan" bloku (23,29%), "Ermənistan" bloku (9,94%) və "Çiçəklənən Ermənistan" partiyası (4%).
Ermənistanda keçirilən parlament seçkilərində ən çox səs toplayan siyasi qüvvələr arasında hakim Vətəndaş Müqaviləsi Partiyası, müxalif Güclü Ermənistan, Ermənistan bloku və Çiçəklənən Ermənistan Partiyası yer alıb. Bu qüvvələr Ermənistanın həm daxili siyasi balansını, həm də xarici siyasət istiqamətlərini müəyyən edən əsas mərkəzlər hesab olunur.
Hakim Vətəndaş Müqaviləsi Partiyasının lideri Ermənistanın baş naziri Nikol Paşinyandır. Partiya 2018-ci ildə baş verən “Məxməri inqilab”dan sonra hakimiyyətə gəlib və korrupsiya ilə mübarizə, idarəetmə islahatları, oliqarx sisteminin zəiflədilməsi kimi şüarlarla tanınıb. Son illərdə isə Paşinyan hakimiyyəti daha çox Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə açıq yanaşması, eyni zamanda Rusiyadan müəyyən məsafələnmə siyasəti ilə diqqət çəkir.
Ermənistan blokunın əsas lideri Ermənistanın ikinci prezidenti Robert Koçaryan hesab olunur. Bu blok daha çox keçmiş hakimiyyət elitasını, təhlükəsizlik aparatına yaxın dairələri və Rusiyayönlü elektoratı təmsil edir. Blok Paşinyanın Qarabağ siyasətini və Qərbə yaxınlaşma kursunu sərt şəkildə tənqid edir.
Çiçəklənən Ermənistan Partiyasının lideri erməni oliqarx və biznesmen Qaqik Tsarukyandır. Partiya uzun illər Ermənistanın iri maliyyə-siyasi layihələrindən biri hesab olunub. Sosial-populist ritorikası ilə seçilən bu siyasi qüvvə xüsusilə regionlarda müəyyən sosial dayaqlara malik olub.
Güclü Ermənistanın lideri isə rusiyalı erməni milyarder Samvel Karapetyandır. O, Rusiyada “Taşir” şirkətlər qrupunun sahibi kimi tanınır. Bu siyasi platforma daha çox Rusiyayönlü, sərt təhlükəsizlik və revanşist ritorikası ilə seçilir. Müharibədən sonra Paşinyan hakimiyyətinə qarşı formalaşmış narazı elektoratın bir hissəsi bu qüvvəyə yaxın mövqe tutur.
Hazırda Ermənistan siyasətində əsas qarşıdurma bir tərəfdən Nikol Paşinyanın rəhbərlik etdiyi transformasiya və nisbətən qərbyönlü kurs, digər tərəfdən isə keçmiş siyasi elita və Rusiyayönlü müxalifətin təmsil etdiyi təhlükəsizlik yönümlü xətt arasında davam edir.
Mövsüm Novruzoğlu