- Üçüncü sektor
- 5 Avqust 2019 13:15
- 7 140
Bəziləri yazırlar ki, fəxri ada görə... - Parkinson xəstəliyinə tutulan Allahverdi Yolçuyev
"İş qalıb Allaha"
Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev AzNews.az-ın suallarını cavablandırıb.
- Allahverdi müəllim, parkinson xəstəliyindən əziyyət çəkirsiniz. Hazırda səhhətiniz necədir?
- Həkimlərə gedirəm. Bu xəstəliyin başlanğıcıdır və qarşısı alına bilər.
- Nə zamandan bu xəstəlikdən əziyyət çəkirsiniz?
- İki ilə yaxındır ki, barmaqlarım əsirdi. Sonra həyəcanlananda, narahat olanda barmaqlarım mütəmadi olaraq əsməyə başladı. Müalicə üçün İrana da getdim, orada da dedilər ki, parkinson xəstəliyinin başlanğıcıdır.
- Bu diaqnoz İranda qoyulub?
- İranda da, burada da dedilər ki, parkinson xəstəliyinin başlanğıcıdır. İş qalıb Allaha.
- İki ildir ki, bu xəstəlikdən əziyyət çəkdiyinizi gizli saxlamısınız...
- Xeyr, gizli deyil. Bu iki ildə xəstəxanalarda olmuşam. Dərmanlar da bir orqana faydalıdırsa, digər orqanı sıradan çıxarır. Artıq prostat vəzimdə də problem yaranıb. O da məni narahat edir.
- Xəstəliyiniz haqda Hacı Nuran məlumat verdi. Onun dəstəyi ilə hansısa xarici ölkəyə gedəcəksinizmi?
- O mənə söz verdi ki, dörd-beş gün bu işlə məşğul olub, necə kömək edəcəyi haqda məlumat verəcək.
- Ailənin maddi yükü yalnız sizin üzərinizdədir?
- Bəli, dörd qızım var. Ailəmi toylara getməklə saxlayırdım. İndi gedə bilmirəm. Səs-küy olan kimi mənə pis təsir edir. Demirəm ki, mənə pul versinlər, iş və təqaüdlə təmin etsinlər.
- Qızlarınız işləmirlər?
- Xeyr, təhsil almayıblar, peşələri olsaydı işləyərdilər. Orta məktəbi bitiriblər.
- Təhsil hər kəs üçün vacibdir. Niyə təhsil almayıblar ?
- Onlara qarşı çox sərt olmamışam. Amma həmişə tövsiyyə edirdim ki, oxuyun, bu, sizə gələcəkdə lazım olacaq. Onlar da mənim kimi sakitdirlər. Şükür Allaha dolanırıq. Həkimlərə çox pulum çıxdı. Hazırda da müalicə olunuram. İnşallah kömək edər.
- Allahverdi müəllim sənətdən başqa hansısa gəlir mənbəyiniz yoxdur?
- Xeyr, yoxdur. 40 il teatrda işləmişəm. Televiziyada işləyib, institutda dərs demişəm. O vaxt düşünməzdim ki, mən nə vaxtsa xəstələnə bilərəm. Bütün insanlar belə olur. Bəzi insanlar sosial şəbəkədə yazırlar ki, fəxri ad almağa görə xəstəliyini bildirir. Onlara reaksiya vemirəm. Məqsədim odur ki, öz işimlə məşğul olum. Dublyaja gedirəm, nevroz, əsəb sistemi pozulan insanlar gərək ki, sosial işlə məşğul olsunlar.
- Sənət dostlarınızdan kimlər dəstək olurlar?
- İki gündür ki, sənət dostlarım zəng edirlər. Əvvəl bəziləri bilirdi. Mən möhkəm adamam. Pessimistliyi sevmirəm. Amma insan kövrəlir, ötən günlər yada düşür.
- Xəstəlikdən sonra toylara gedə bilirsinizmi?
- Dəvət edirlər, amma onlara deyirəm ki, gəlib orada özümü pis hiss etsəm, sizə də xoş gəlməz. Ona görə getmirəm.
Rəqsanə
AzNews.az