- Üçüncü sektor
- 22 Sentyabr 09:19
- 9 297
Ovlanmış balıq və digər su bioresurslarının geri qaytarılması qaydaları
Sual: İdman və həvəskar ov nəticəsində ovlanmış balıq və digər su bioresurslarının geri qaytarılması hansı şərtlərlə həyata keçirilir?
Cavab: İdman və həvəskar ov zamanı qanunsuz ovlanan balıq və digər su bioresursları geri qaytarılmalıdır. Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 243 saylı qərarının 10.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş minimum ölçülərə uyğun gəlməyən balıqlar və xərçənglər, həmçinin Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş balıq növləri diri halda geri qaytarılmalıdır. Bu qaydalar, balıq populyasiyalarının artırılması və nəsli kəsilməkdə olan növlərin qorunması məqsədilə tətbiq edilir.
İnzibati Xətalar Məcəlləsinə əsasən geri qaytarılma qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsinə əsasən, qanunla müəyyən edilmiş minimum ölçülərə uyğun gəlməyən balıq və digər su bioresurslarının geri qaytarılmaması, həmçinin qaydalara əməl etməmək inzibati xətanın törədilməsinə səbəb olur. Belə hallarda inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Zaman Səmədov, hüquqşünas
QEYD: Hüquq şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: sosial-ekoloji layihə” çərçivəsində hazırlanıb.