Pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq deyil, nadanlıqdır

İstefada olan polkovnik-leytenant Nazim Bayramov radikal düşərgəyə layiqli cavab verdi

Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə nazirliyi MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbini açıqlayıb. Məlumata görə, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Ancaq bu informasiya bir çox “şəxsləri”, xüsusi ilə də ölkənin radikal düşərgəsini qane etməyib və onlar əllərinə girəvə düşdüyündən yenə də ağına-bozuna baxmadan sosial şəbəkələrdə ağıllarına gələni yazıblar.

AzNews.az xəbər verir ki, bir çox siyasətçilər və ekspertlər kimi istefada olan polkovnik-leytenant Nazim Bayramov da həmin qaragüruhçulara layiqli cavab verib.

Həmin cavabı olduğu kimi təqdim edirik:

“Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm.

Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyarələrin toqquşması hadisələri nadir hal deyil. Hər il dünyada beş mindən çox quşlarla təyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir. Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən "Ural Avialiniyaları" kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinasına çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi.

MN-nin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır. Bunu kim nə niyətlə şübhə altına alırsa, özü bilər.

Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiz. İnsan (toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”.

AzNews.az