Fəzail İbrahimli: Bir çoxları bu hadisədən dərs götürməlidir

Tək bu deyil ki, görün, nə qədər insan göstərilən etimadı doğrultmadığı üçün sonu uğursuzluqla bitib

Hər kəs qanunsuz əməlinə görə gec-tez cavab verməlidir.

Bunu deputat Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, həbs olunan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətdən kənara çıxaraq qanunsuz əməllər törədib:

"İlk növbədə, onu bildirim ki, hər kəs qanunsuz əməlinə görə gec-tez cavab verməlidir. Prezident İlham Əliyev o şəxsə böyük etimad göstərir, yüzlərin içindən seçir, onu vəzifəyə qoyur, o isə bu etimaddan sui-istifadə edir. Aldığım məlumata görə, Ağstafanın həbs olunan icra başçısı daha əvvəllər Goranboyda başçı olub. Həmin şəxs uzun illər Goranboyda işləyib, daha sonra cənab Prezident onu vəzifəsindən kənara deyil, əksinə, böyük etimad göstərərək başqa bir yerə vəzifəyə təyin edib. O isə Prezidentin etimadını doğrultmaq əvəzinə ona xəyanət edib".

Deputat vurğulayıb ki, bir çoxları bu hadisədən dərs götürməlidirlər: "Bir insan sənə etimad edir, sənə vəzifə, çörək verir və sonda sən o çörəyi tapdalayırsan, bilməlisən ki, o çörək sonda səni vuracaq. Hər bir məmur bu hadisədən dərs çıxarmalıdır. Tək bu deyil ki, görün, nə qədər insan göstərilən etimadı doğrultmadığı üçün sonu uğursuzluqla bitib. Bu şəxs də növbətilərdən biridir".

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nizaməddin Quliyev dekabrın 20-də dövlət başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilib. (Trend)

AzNews.az