“Cari ildə ilk belə yüksək diqqət məhz Prezident İlham Əliyevə göstərildi” “Cari ildə ilk belə yüksək diqqət məhz Prezident İlham Əliyevə göstərildi”
  • Tribuna
  • 24 Fevral 2020 14:10
  •  7 701

Deputat son hadisələrdən yazdı – İtaliya, Berlin, DTX...

“Cari ildə ilk belə yüksək diqqət məhz Prezident İlham Əliyevə göstərildi”

“Bu həftənin 3 hadisəsi var ki, onlar həm də Azərbaycanın gələcəyini proqnozlaşdırmaq baxımından çox önəmlidir. Bunlardan birincisi heç şübhəsiz ki, cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri idi. Səfərlə bağlı yetərincə informasiya və şərhlər olduğundan detallara varmayacam, onun elə adı İtaliyada Azərbaycana və Prezidentimizə yanaşmanın səviyyəsini ortaya qoyur. Xatırladaq ki, dövlət səfəri rəsmi qarşılanmaların ən yüksək statuslusu sayılır və bir ildə iki, uzağı 3 ölkənin rəhbəri üçün bu cür protokol təşkil edilir”.

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev şəxsi “Facebook” hesabında yazıb.

Millət vəkili qeyd edib ki, İtaliyada cari ildə ilk belə yüksək diqqət məhz Prezident İlham Əliyevə göstərildi: “Demək, 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan edilməsi sadəcə xoşməramlı protokol jesti deyil, dövlətimizə verilən önəmdir və burada ölkəmizin sadəcə regionda yox, dünyada oynadığı rol, eyni zamanda da müsəlman dövlətləri içərisində fərqliliyi əsas götürülüb. Bu fərqlilik Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə də vurğulandı. Yeri gəlmişkən, informasiyalı adamlar bilməmiş deyillər ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinin təqdim edilməsi nə deməkdir. Bu həm də o deməkdir ki, hayların bağlı qapılar arxasında Dağlıq Qarabağ konfliktini sivilizsiyalararası qarşıdurma kontekstindən təqdim etmək cəhdləri arzuladıqları effekti verməyəcək. Papayla görüşdə ölkəmizin bütün dinlər arasında qarşılıqlı anlaşmanın yaranmasına çalışmasının və bu baxımdan dünyaya örnək olmasının vurgulanması da bir növ bu dediklərimizin təsdiqidir.

Bax, praqmatizmə dayanan belə siyasətin yeridilməsinin nəticəsidir ki, biz hazırda hayları məhz din faktoruna görə özləri üçün doğma meydança saydıqları Avropada yerlərində oturda bilirik. Bu baxımdam diqqətimi çəkən ikinci mühüm olay fevralın 22-də 30-a yaxın ölkədəki diaspor təşkilatlarımızın təşəbbüsüylə Berlində Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Qarabağ mitinqinin keçirilməsi idi. Prezident İlham Əliyevin Münxendə Ermənistan baş nazirini siyasi və diplomatik nokauta salmasından sonra belə bir tədbirin düzənlənməsi bir tərəfdən dövlətimizin eyni məqsəd uğrunda necə düşünülmüş sinxron, ardıcıl siyasəti apardığını ortaya qoyursa, digər tərəfdən də Ermənistan rəhbərliyini nədən son günlər cəbhədəki vəziyyətlə bağlı qapalı toplantılar keçirdiyinə aydınlıq gətirir. Yəni bu cür diplomatik və siyasi həmlələrdən sonra da Ermənistan konstruktiv danışıqlar aparmaq istəməyəcəksə (Nikol Paşinyanın son açıqlaması göstərir ki, bunu istəmir də), onda Azərbacanın bir yolu qalır ki, onun da nə olduğu hər kəsə, o sıradan haylara da aydındır. Orası da mümkündür ki, digər diplomatik hazırlıqların da baş verməməsi üçün haylar özləri cəbhədə vəziyyəti gərginləşdirməyə çalışsınlar və biz bu variantı da nəzərdən qaçırmamalıyıq”.

Digər bir nüansa toxunan S.Alıyev əlavə edib ki, üçüncü diqqətini çəkən və ölkəmizin gələcəyi baxımından son dərəcə mühüm saydığı hadisə isə Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala İcra Hakimiyyətində keçirdiyi əməliyyat olub: “Biz gördük ki, kimlər Ağstafada aparılan oxşar əməliyyatı və onun ardınca Yevlaxın keçmiş icra başçısının tutulmasını bir kampaniya olaraq qiymətləndirirdilərsə, yanılıblar, həm də çox yanılıblar. İkincisi, o da göründü ki, sadəcə rüşvət alan deyil, onu yığan və verənlər də atrıq məsuliyyətdən kənarda qalmırlar, qalmayacaqlar. Yəni Azərbaycanda idarəçilikdə şəffaflıq qarşısı alınmaz bir prosesdir və onun arxasında Prezident iradəsi durur. Bu prosesdə DTX-nin ön planda olması isə o deməkdir ki, Eldar Mahmudov kimilərin imicinə böyük zərbə vurmasına baxmayaraq sözü gedən qurum nə qədər çətin olsa da, toparlanmağı, dövlətin maraqlarını həssaslıqla və peşəkarlıqla qoruyan və ən çox güvənilən strukturlardan birinə çevirilməyi bacardı. Bəli, bacardı. İdarəçilikdə şəffaflığın artırılması, korrupsiya, rüşəvətxorluq faktlarının aradan qaldırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi institutsional baxımdan hansı funksiyanı yerinı yetirirsə, inzibati baxımdan həmən funksiyanı yerinə yetirən qurumlardan da biri və birincisi hazırda məhz DTX-dir”.

Ləman Hüseynzadə