"Heç kimin tanımadığı rejimin heç kimin görmək istəmədiyi “seçki"ləri"

"Onların ənənəvi xain fürsətçiliyi yenə də özlərinə bumeranqa çevrildi"

“Dünya koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda Dağlıq Qarabağ separatçı rejimi parlament və prezident “seçki"ləri keçirdilər. Və növbəti dəfə siyasi iflasa uğradılar. Tanınmayan separatçı rejimin keçirdiyi qondarma “seçki"lərin ən uğursuzu, el arasında deyildiyi kimi, urvatsızı məhz son “seçki"ləri oldu. Səbəblərdən biri ondan ibarətdir ki, heç bir dövlətin tanımadığı separatçı rejim tərəfindən təşkil edilən istənilən qondarma “seçki” tanınmır və tanına bilməz. Artıq neçə illərdir biz bunun şahidiyik”.

AzNews.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, seperatçı rejimin mart ayının sonunda keçirdiyi qondarma “seçki"lərin urvatsızlığının digər səbəbi isə dünyanın başının koronavirus pandemiyasına qarşı mübarizəyə qarışması ilə əlaqədardır:

“Əvvəllər bəzi dövlətlər Dağlıq Qarabağda keçirilən qondarma “seçki"lərin tanımadığını mütləq bəyan edər, neqativ formada olsa da ona münasibət bildirərdi. İndi isə həmin dövlətlər Dağlıq Qarabağ seperatçılarının növbəti “seçki"lərinə belə bir “diqqət"i də ayırmağı özlərinə rəva bilmədilər. Bir sözlə bu “seçki"lər separatçıların əvvəllər keçirdiyi seçkilərin hamısından daha böyük rüsvayçılıqla başa çatdı.

Heç kimin tanımadığı rejimin, heç kimin görmədiyi, görmək istəmədiyi, duymadığı və duymaq istəmədiyi “seçki"ləri. Çətin ki, belə bir urvatsızlıq separatçıların “qürur"una toxunsun. Çünki erməni millətçiləri və separatçıları öz çirkin əməllərini həyata keçirməyə həmişə fürsət axtarıblar. Bu işdə onlara tay tapmaq mümkün deyil. Ona görə də dünyanı bürümüş koronavirus pandemiyası kimi fürsəti onlar əldən buraxa bilməzdilər və buraxmadılar. Lakin həmişə olduğu kimi onların ənənəvi xain fürsətçiliyi yenə də özlərinə bumeranqa çevrildi”.