- Tribuna
- 30 Mart 2022 11:13
- 13 077
“Rusiya Müdafiə Nazirliyinin bu səhvi düzəltməsini gözləyirik” - Millət vəkili
Vüqar İskəndərov: “Əgər bu proseslər davam edərsə, Azərbaycan öz gücünü yenidən göstərəcək”
Milli Məclisin deputatı Vüqar İskəndərov Qarabağda son baş verənlərlə bağlı AzNews.az analitik- informasiya portalına açıqlama verib.
Millət vəkili bildirib ki, son baş verən hadisələr onu deməyə əsas verir ki, Ermənistan hələ də 44 gün Ali Baş Komandanın dəmir yumuruğunda birləşən Azərbaycan xalqının və onun müzəffər ordusunun zərbəsini tam dərk edə bilməyib.
“Ermənistan üçtərəfli bəyanatın müddəalarının həlli məsələlərində yubanmalar etməklə prosesləri uzatmağa çalışır. Ancaq bu boş xəyallardır və Ermənistan artıq anlamalıdır ki, onların geriyə heç bir çıxış yolları yoxdur. Qarabağ bölgəsindəki erməni tör-töküntüləri oradan rədd olub getməlidir. Əks halda onların hər birinin meyidləri Ermənistana gedəcək. Ermənistan bunu zamanında anlamalıdır. Azərbaycan dəfələrlə söyləyib ki, biz halhazırda məsələni bitmiş sayırıq. Münaqişə bitib, bölgəyə sülh gəlməlidir. Ermənistana sülh əlimiz uzatmışıq. Çox rasional təkliflərlə şərtlərimizi Ermənistana təqdim etmişik. Ermənistan bunu qəbul etməli və bölgəmizə sülh gəlməsinə maneə olmamalıdır. Əks təqdirdə məğlub tərəf Ermənistanı daha böyük məğlubiyyətlər gözləyir. Ermənistan proseslərdən vaxtında nəticə çıxarmalıdır. Sülh yaratmaq məsələsində öz töhfəsini verməlidir”.
Deputat Fərrux kəndinin Azərbaycanın tam nəzarətinə keçməsinin əhəmiyyətindən danışıb.
“Son baş verənlər Azərbaycanın daxili işidir. Bu günlərdə dumalı, qarlı hava şəraitindən istifadə etmək istəyən erməni tör-töküntüləri təxribat törətməyə cəhd göstərdilər. Lakin Azərbaycan ordusu tərəfindən layiqli , adekvat cavablarını aldılar. Bu gün Azərbaycan Xocalının Fərrux kəndi və onun yuxarı hissəsində olan zirvədə yerləşib. Həmin ərazi coğrafi reylef olaraq çox əlverişli mövqeydədir. Oradan Xankəndi, Ağdərə yolu , Ağdamın kəndləri tamamilə müdafiə olunmuş səviyyədədir. Həmin yüksəklik bir çox ərazilərə sahibliyi və nəzarəti ələ keçirmək üçün əlverişli üstünlük yaradır.
Millət vəkili Rusiya Müdafiə Nazirliyinin bəyanatına da toxunaraq söyləyib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatı Azərbaycan-Rusiya arasındakı münasibətlərinə kölgə salan məsələdir.
“İnanırıq ki, Rusiya Müdafiə Nazirliyi bu səhvi düzəldəcək. Çünki Azərbaycan-Rusiya arasındakı 22 fevral müttəfiqlik bəyannaməsinin şərtləri, xüsusən də 18-ci şərti bu bəyanatla kobudca pozulmuş olur. Bənddə Azərbaycan-Rusiya öz aralarında separatçılığa, terrorçuluğa digər bu kimi neqativ hallara qarşı birgə mübarizə aparmağı nəzərdə tutur. Lakin Rusiya Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ” ifadəsini işlətməsi , Fərrux kəndi ilə bağlı mövqeyi təxribat sayılmalıdır. Rusiya Müdafiə Nazirliyinin bu səhvi düzəltməsini gözləyirik.
Vüqar İskəndərov sonda qeyd edib ki, baş verən hadisələr Azərbaycanın hər gün gücləndiyini deməyə əsas verir.
“Azərbaycan beynəlxalq hüququn prinsplərinə əməl edir. Öz suverən ərazilərində möhkəmlənərək,
növbəti dislokasiya, istehkam işlərini görür. Bu boş hay-küy erməni məkiridir. Bu kimi hallar Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan sülh təklifini edib bunun cavabını gözləyir. Əgər bu proseslər davam edərsə, Azərbaycan öz gücünü yenidən göstərəcək. Bu isə Ermənistanın sonunu gətirib çıxara bilər. Burada bütün məsuliyyət Ermənistanın üzərindədir”, - deyə millət vəkili vurğulayıb.
Şəbnəm Zahir