- Tribuna
- 21 Oktyabr 2022 11:48
- 9 588
Deputat: ATƏT-in Ermənistana missiya göndərməsi qanunsuzdur
Bu qrup ATƏT-in mandatına malik ola bilməz
ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarı ciddi səhvdir və qanunsuzdur.
Bunu Aznews.az-a millət vəkili Azay Quliyev deyib.
Onun sözlərinə görə, ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur və belə bir missiyanın göndərilməsi məsələsini müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
"Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə belə bir qərar qəbul edib və üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır", - millət vəkili deyib.
A.Quliyev vurğulayıb ki, Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir: "Azərbaycan Xarici İşlər Nzairliyinin də açıqladığı kimi, heç bir halda bu qrup ATƏT-in mandatına malik ola bilməz, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Əminəm ki, bu qanunsuz missiyanın hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkələr tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək".
Aznews.az