Sosial dövlətin Azərbaycan modeli

Və dünyaya nümunə ola biləcək tədbirlər

Azərbaycanda sözün həqiqi mənasında sosial inqilab baş verir. Həm də bu sosial inqilab bütün dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir ərəfəyə təsadüf edir. Düzdür, son 1 aya yaxın müddətdə Azərbaycanda sosial sahədə həyata keçirilən tədbirlər də bilavasitə koronavirus pandemiyası ilə əlaqədardır. Sözügedən qlobal pronlem ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin həm əhatə dairəsinin geniş olması, həm də onu özündə ehtiva edən şəxslərin sayının kifayət qədər təşkil etməsi 2016-cı il referendumu ilə elan edilmiş sosial dövlət modelinin reallığa çevrildiyini təsdiqləyir.

Sosial inqilab xarakterli həmin tədbirlərin bir neçəsinə diqqət edək. Hələ koronavirus pandemiyası meydana gələn zaman belə bir fikir səsləndi ki, virusun 65 yaşdan yuxarı şəxsləri yoluxdurmaq riski daha çoxdur. Məhz bu səbəbdən ilkin mərhələdə yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri daha da intensivlışdirildi. Düzdür, pandemiyaya qədər olan dövrdə də ahıl və tənha şəxslərə sosial xidmətlər göstərilir, onların zəruri gündəlik ehtiyacları qarşılanırdı. Lakin pandemiya səbəbindən bu kateqoriyadan olan insanların evlərindən kənara çıxa bilməmələri əlavə tədbirlərin, xidmətlərin göstərilməsini zərurətə çevirdi. Müvafiq qurumların açıqladığı statistik göstəricilərdən aydın olur ki, hazırda 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Həmçinin sosial tərəfdaşlar vasitəsilə artıq 17 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verilib. Sevindirici hal ondan ibarətdir ki, bu müsbət tendensiya davam edir və hər birimiz üçün imtahan sayılan bu günlərdə yaşlı tənha vətəndaşlarımıza yardım əli uzadan, onları zəruri ərzaq və gündəlik tələbat malları ilə təmin edən insanlarımızın sayı artır.

Azərbaycan dövlətinin sosial sahədə atdığı və demək olar ki, dünyada analoqu olmayan digər bir addım pandemiyadan zərər çəkən insanlara dəymiş zərərin qarşılanması oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər, məşğulluğa və sosial rifaha dəstək məqsədilə aparılan fəal siyasətin təsdiqi kimi dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamını qeyd etmək yerinə düşər. Məlum olduğu kimi Cənab Prezidentin yuxarıda qeyd etdiyimiz sərəncamı ilə təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb.

Qısa müddətdə icra edilən proqramın nəticəsi olaraq dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər görülüb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Nəticə etibarilə həyata keçirilən tədbirlər 1 milyon 629 min işçini əhatə edib ki, bunun da 910 min nəfəri dövlət sektoru, 719 min nəfəri isə özəl sektorun payına düşüb. Bundan başqa 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.

Ötən müddət ərzində əhalinin məşğulluq imkanlarının artırılması istqamətində də kifayət qədər nümunəvi və məşğul əhalinin maraqlarına xidmət edən addımlar atılıb, qərarlar qəbul edilib. İlk növbədə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Ümumilikdə ictimai iş yerlərin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda da işləməyə davam edirlər.

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb.

Bütün bunlar deyərdim ki, bu günə qədər görülən işlər, pandemiyanın qarşısının alınması məqsədilə ilk mərhələdə həyata keçirilən tədbirlər idi. Qarşıda isə bu tədbirlərin daha bir mərhələsi başlayır və bunun anonsunu da elə Cənab Prezident özü verdi. Aprelin 17-də iqtisadi sektora cavabdeh olan iki yüksək çinli məmurla keçirdiyi videokonfrans zamanı dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri bunun sübutudur. 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

Ümumiyyətlə, ötən müddət ərzində ölkədə sosial sahəni əhatə edən, əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edən onlarla irili-xırdalı proqramlar qəbul edilib, fərman və sərəncamlar imzalamnıb ki, bütün bunlar da öz növbəsində Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikrilərinin bariz təzahürüdür. Düşünürəm ki, bu idarəçilik, bu tədbirlər və ən əsası əldə olunan nəticə nəinki regiona, eləcə də dünyaya bir nümunədir, sosial dövlətin Azərbaycan modelidir. Bu model isə yalnız və yalnız vətəndaş məmnunluğuna xidmət edir.

Yunus Oğuz