Dağılmağa layiq olan sosialist sisteminin çilik-çilik olub şüşə qırıntıları kimi yerə tökülməsinə sonuncu zərbəni Qorbaçov vurdu Dağılmağa layiq olan sosialist sisteminin çilik-çilik olub şüşə qırıntıları kimi yerə tökülməsinə sonuncu zərbəni Qorbaçov vurdu

Keçmişdən gələcəyə nə daşıyırıq? Doqquzuncu yazı - Yunus Oğuz yazır

Dağılmağa layiq olan sosialist sisteminin çilik-çilik olub şüşə qırıntıları kimi yerə tökülməsinə sonuncu zərbəni Qorbaçov vurdu

Fəlsəfi-tarixi-publisist düşüncələrim

Epiqraf

Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.

  • Doqquzuncu yazı

a) tarix ibrətdir

Sonra zavoddan bir mafiya nümayəndəsi danışıqlar nəticəsində istehsal etdiyi olmayan pambığı iplik kimi sap əyirmək üçün fabrikə satırdı. Fabrik bunu parça fabrikinə satır, daha sonra guya köynəklər, yataq dəstləri tikilirdi. Son nəticədə, guya hazır olan mallar əhalinin istehlakına, yəni istifadəsinə verilirdi. Ortada isə heç nə yox idi. Büdcədən ayrılan pullar beləcə mənimsənilir, iştirakçılar arasında faizə görə bölünürdü. Büdcə belə dağıdılır, ancaq əhali heç də kasıblaşmırdı, çünki sosialist prinsipi belə idi; "hər kəs əməyinə görə" yaşamalı idi və hamı da işləyirdi. Qıt olan malların yerini isə "sexovşik"lər doldururdular. İqtisadi rəqabətin olmadığı bir ölkədə ən böyük yeyinti yeri büdcə idi. Elə respublikalar vardı ki, yalnız Moskvadan ayrılan dotasiyanın hesabına yaşayırdılar. Belə respublikalardan birincisi isə Ermənistan idi. Bu qondarma respublika mərkəz büdcəsinin hesabına yaşamağı az deyilmiş kimi, üstəlik İttifaqda ən kriminal gəlirli ticarət obyektlərində pul qazanır bir tərəfdən, digər tərəfdən isə daşnak terror təşkilatına müxtəlif adlar altında pul köçürmələri də edilirdi. Bu terror təşkilatı cəzasızlığına necə arxayın idi və necə azğınlaşmışdısa, hətta Rusiyaya meydan oxumağa başlamışdı. Belə ki, 1980-ci ildə Moskvanın olimpiadaya hazırlığı ərəfəsində Moskva metrosu partladıldı. Ölənlər və yaralananlar oldu. SSRİ KQB-si (dövlət təhlükəsizlik komitəsi) daşnaksütun terror təşkilatının üç üzvünü çox tezliklə aşkarlayıb həbs etdi. Məhkəmələri də oldu, ölüm hökmü də kəsildi onlara, amma heç kim bilmədi ki, icra olundu, yoxsa yox.

Yeri gəlmişkən hələ 1912-ci ildə çar Rusiyası bu təşkilatın 157 üzvünü Sank Peterburqda kütləvi terrora görə mühakimə etmişdi. Sonradan onların arasından "məşhur" erməni inqilabçıları da bolşevik adı altında fəaliyyət göstərdilər, çünki hər iki təşkilatın mahiyyətində terror dayanırdı. Hətta bolşeviklər adlarını dəyişib kommunist partiyası qoysalar da İttifaq dağılana qədər, istər xarici, istərsə də daxili siyasətlərində terror mahiyyətlərindən əl çəkmədilər. Daşnaklarla kommunistlər bu sahədə bir-birlərini tamamlayırdılar.

Beləcə ədalətsiz sosialist sistemində şüarları "bərabərlik, qardaşlıq" olsa da, əməldə bərabərsizlik, xristian və terrorçularla qardaşlığa daha çox üstünlük verilirdi.

Təsəvvür edin ki, Azərbaycan SSR (Sovet Sosialist Respublikası) Moskvadan dotasiya almırdı, əvəzində ümumi büdcəyə artıqlaması ilə valyuta ilə pul ödəyirdi. O pulun cüzi bir hissəsi Azərbaycana qaytarılırdı, o da yalvar-yaxarla. Hətta milli kinomuzu çəkmək üçün Moskva büdcəsi buna razılıq verməli və vəsait ayırmalı idi. Moskvada isə bu işlərə baxan, təsdiq edən ya erməni məmuru otururdu, ya da ermənipərəst mövqe tutan.

Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana birinci katib seçildikdən sonra vəziyyət bir qədər dəyişdi, o da bu dahi insanın yüksək iradəsinin səyi nəticəsində. Bu dövrdə İttifaq əhəmiyyətli sənaye müəssisələri tikilməyə, milli ruhlu ədəbiyyatımız daha çox nəşr olunmağa, milli filmlərimiz çəkilməyə və Azərbaycan dilinə yüksək qiymət verilməyə başlandı, çünki birinci katib özü, əsasən azərbaycan dilində danışırdı və bunu da ətrafdaklardan tələb edirdi. Hətta bütün rəsmi kargüzarlıq (kağız yazışmaları) işləri rus dilində aparılırdı, çünki bu, 1936-cı ildə qəbul olunan Konstitusiyada belə təsbit olunmuşdu. Yalnız H. Əliyevin səyi nəticəsində 1978-ci ildə SSRİ-də ikinci Konstitusiya qəbul olunanda respublika daxili kargüzarlıq işlərinin ana dilində aparılması haqqında bənd salındı və bundan sonra azərbaycan dili bilən kadrlara ehtiyac artdı.

Mən deyəsən bu dövrdə seçki sistemindən bəhs etmədim. Payon səviyyəsindən tutmuş ta SSRİ Ali Sovetinə qədər bütün seçkilər təyin olunma, yəni yuxarıdan hazırlanmış siyahı üzrə aparılırdı. Özü də burada icra məhkəmə orqanları qarışmışdı bir-birinə. Respublika səviyyəli seçkilərdə əsasən birinci katiblər, polis rəisləri, ispolkomlar (sovet sədrləri), bir çox kolxoz sədrləri, əmək qabaqcılları təyin olunurdu. Həyatımın otuz bir ilini bu İttifaqda yaşayan insan kimi açıq söyləyə bilərəm ki, 1978-ci ildən, yəni seçki hüququm olandan, ta imperiya dağılana qədər heç bir seçkidə iştirak etmədim. Buna heç lüzum da yox idi. Xalq heç seçkilərə də getmirdi, amma məntəqələrdə elə toy-şivən qururdular ki, guya xalq seçkilərə gedir. Bunu yuxarılar da görür və göz yumurdu. Hər yerdə olduğu kimi burda da "pripiska" baş alıb gedirdi.

SSRİ Ali Sovetinə "seçilən" deputatların yüzdə yetmişi heç rus dilini də bilmirdilər. Təlimat belə idi: "Dövlət fəhlə-kəndli hökuməti olduğundan " əmək qabaqcılları öndə olmalı idilər. Moskva məmurlarına belə qanunverici orqanın təşkil olunması sərf edirdi, çünki dövləti Kommunist Partiyasının Mərkəzi Komitəsi və onun Siyasi Bürosu idarə edirdi. Bu boyda imperiya bir ovuc insan tərəfindən idarə olunurdu.

Bütün bunları oxucularım üçün niyə geniş yazıram? Uzaq keçmişimiz kimi, ən yaxın keçmişimiz də ibrət olmalıdır, ondan dərs götürməliyik, etdiyimiz səhvləri təkrar etməməliyik, yoxsa indi bəzi xarici dövlətlərin beşinci kolon nümayəndələri tez-tez sosial şəbəkələrdə SSRİ üçün "qəribsədiklərini" yazır, Moskvanı önə çıxartmağa səy göstərirlər. Hətta bəziləri Milli dövlətimizin iqtisadiyyatının və hərbisinin güclənməsindən, Qafqazda lider olmasından əndişəyə düşüblər. Bir qocanın ömrü qədər olan imperiya üçün Azərbaycan nə etməlidir? Bolşevik inqilabının və ikinci Dünya müharibəsinin uğurla başa çatmasında məgər Bakı nefti ən əhəmiyyətli rol oynamadımı? Müharibənin yetmiş faizi Bakı nefti ilə təchiz olunurdu. Akademik Yusif Məmmədəliyev yüksək oktanlı benzin hazırlamasaydı, kosmosa 1961-ci ildə Qaqarin uça bilərdimi? Müharibəyə çağrılan 600 min insandan 300 mindən çoxu geri dönmədi. Vətən müharibəsi adı ilə arxa cəbhədə varımızı-yoxumuzu toplayıb "hər şey cəbhə üçün", "Ana vətən çağırır" şüarlarına aldanıb cəbhəyə göndərmədikmi? "Beşillik" planları hamıdan öncə Azərbaycan doldurub "Keçici qırmızı bayraq"ları biz almadıqmı? Qızıla bərabər var-dövləti ver, əvəzinə "Keçici qırmızı bayraq" al. Vallah gülməlidir. İndiki nəslə bunu danışsan həm təəccüblənər, həm də gülər. Həm də keçici bayrağa var-dövlətini versən də bu bayrağı ala bilməzsən, çünki keçicidir.

Əvəzində daha nə aldıq? İmperiyada bütün azərbaycanlılara, o cümlədən rusbaşlılara inamsızlıq, sayğısızlıq, hətta bəzən təhqirə bərabər ifadələr. Məsələn "qarabala (o zaman zəncilər dəbdə olmadıqları üçün bizlərə qarabala deyirdilər), çükça, dalıqara və sairə, sairə. Az qalmışdı bütöv bir xalqı, yəni bizləri müharibə illərində Azərbaycandan sürgün etsinlər. Əvəzində tariximizi, mədəniyyətimizi, milli-mənəvi sərvətlərimizi əlimizdən tədricən alırdılar. Əvəzində bizi öz vətəndaşı hesab etməyib, üstümüzə 20 yanvarda tankları və süngüləri göndərib şəhəri qərənfillərin rənginə çevirdi. Düz deyirlərmiş: "Öz əsgərini yedizdirməyən, geyindirməyən xalq, özgə əsgərini yedizdirəcək və geyindirəcək". Biz özgə xalqının əsgərini yedizdirdiyimizdən, uf demədən, göz qırpmadan qarşılarına çıxanı qətlə yetirdilər. Əvəzində həlli nə zaman bəlli olmayan Qarabağ problemini qoydu və hələ də davam edən müharibə girovluğuna saldı.

Əvəzində bizi, həm də imperiya türklərini və müsəlmanlarını ikinci növ insan hesab edirdilər. Məsələn, Stalindən sonra Siyasi Büroda və dərin dövlətdə (o zaman dərin dövlət KQB hesab olunurdu) gizli anlaşma olmuşdu ki, SSRİ rəhbəri hökmən slavyan əsilli olmalıdır. Buna da imperiya dağılana qədər riayət olundu. Stalindən sonra Malenkov, Xruşşov, Brejnev, Andropov, Çernenko, nəhayət sonuncusu Qorbaçov slavyan əsilli idi.

Hələ 1989-cu ildə Berlin divarları sökülüb AFR (Almaniya Federativ Respublikası) və ADR (Almaniya demokratik respublikası) birləşəndə dünya gücləri anlayırdı ki, sosialist sisteminin ömrünə az qalıb və çox tezliklə dünya ikiqütblülükdən bir qütblüyə keçəcək.

Nəhayət bu baş verdi. Dağılmağa layiq olan sosialist sisteminin çilik-çilik olub şüşə qırıntıları kimi yerə tökülməsinə sonuncu zərbəni Qorbaçov vurdu.

25 dekabr 1991-ci ildə M.S. Qorbaçov tutduğu SSRİ prezidenti vəzifəsindən istefa verdi. Bununla da SSRİ sonuncu rəhbərilə bir yerdə tarixə gömüldü.

İmperiya çoxsaylı problemi və müharibələrilə on beş müstəqil dövlətə bölündü. Zorla və qanla özünə birləşdirilənlər gec, ya tez ayrılmalı idilər.

Bundan sonra ermənilərin əl-qolu daha da açıldı. Dekabrın sonundan başlayaraq Xocalı soyqırımına qədər otuzdan çox kəndi boşaltdı, yandırdı. Qırılan qırıldı, qırılmayan canını götürüb malını, mülkünü atıb Qarabağdan çıxdı. Belə ki, bu otuz kəndin içində, məsələn Tuğ, İmarət Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan kimi strateji əhəmiyyətli kəndlər var idi.

Bu kəndlərin talan edilib boşalması, yandırılması bir tərəfdən Şuşanı Xankəndi tərəfdən müdafiəsiz qoyurdu, şəhərin yalnız Laçın yolu ilə əlaqəsi qalırdı, digər tərəfdən isə Xocalı şəhərini tam mühasirəyə alırdı və faktiki olaraq kiçik şəhərciyin əlaqəsi vertolyotla olurdu. 1991-ci ilin oktyabr ayından Xocalıya gedən bütün avtomobil yolları kəsilmişdi. Yanvarın 2-dən isə elektrik enerjisi kəsildi.

Tarixin kinayəsinə bir baxın! Bu sətirləri Xocalı faciəsinin düz 28-ci ildönümündə, yəni 26 fevral 2020-ci ildə yazıram. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi, ermənilərdən və ruslardan təşkil olunmuş canlı qüvvəsi Xocalını mühasirəyə aldı. Fikir verirsinizmi hansı qüvvələrlə şəhər mühasirəyə alındı. Özü də düşmən bilirdi ki, şəhərdən dinc əhalidən bircə nəfər də çıxıb getməyib. İşıqsız, çörəksiz, müdafiəsiz qalan əhali öz tarixi torpağından getmək istəmirdi.

Ardı var...

Yunus Oğuz